Gözlənilən Rusiya-Ukrayna müharibəsi - Ekspert: "Uduzan tərəf Rusiya olacaq"

 14:42 18.01.2022     2097

Rusiya ilə Ukrayna arasında gərginlik getdikcə artır. Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından bəri baş verən müharibənin yenidən alovlanma təhlükəsi var. Belə ki, Rusiya artıq Ukrayna sərhədinə çox sayda hərbi qüvvə yerləşdirib və bu ölkəyə hücum edəcəyi deyilir.

Bəs Rusiya-Ukrayna arasına hərbi münaqişə olarsa, qalib və məğlub tərəf hansı olacaq?

Hərbi ekspert Üzeyir Cəfərov Redaktor.az-a bildirdi ki, Rusiya Ukraynaya heç bir halda hərbi müdaxilə edə bilməz:

“Əvvəlcə onu deyim ki, heç bir müharibə olmayacaq. Bu, Rusiya tərəfindən irəli sürülən ritorikadı, “əzələ nümayişi”dir. Rusiyanın hünəri çatmaz ki, Ukraynanın üzərinə hər hansı bir silahlı basqın etsin. Tarixlər səsləndirirlər ki, “bu gün müharibə başlayacaq”, “fevralda müharibə olacaq”. Bu kimi fikirlər kiminsə beyninin təxəyyülü, məhsuludur. Mən paralel aparmaq istəyirəm ki, 5-10 il bundan qabaq hətta saatına, gününə kimi deyirdilər ki, Amerika ilə İsrail İranı vuracaq, müharibə başlayır və s. İndiki məqamda Putin kimi qorxaq bir rəhbər Ukraynaya hərbi müdaxilə edə bilməz. Onsuz da onun başı Krıma görə çox ağrıyıb və ağrıyır. Bundan sonra da, əgər nə qədər hakimiyyətdə olacaqsa, hələ onun qara günləri qabaqdadır. Çünki ona qarşı sanksiyalar hazırlanıb. O, ağılsız iddialar səsləndirir. Sən kimsən ki, NATO kimi dünyada söz sahibi olan hərbi-siyasi təşkilata şərt qoyursan ki, siz Ukraynanı, Gürcüstanı qəbul etməyin. Kim olursan ol, reallıqla barışmalısan".

Hərbi ekspert qeyd etdi ki, Rusiya Prezidenti Vladimir Putin özünü SSRİ-nin varisi sayır.

"SSRİ indi yoxdur. Ordan qalma 15 respublikadan 3 Baltikyanı respublika NATO üzvüdür. Bəs Ukrayna, Gürcüstan, Moldova haradadır? Mən Rusiyadan səsləndirilən bu bəyanatlara təəccüblənmirəm. İki gün bundan qabaq Rusiyanın bir deputatı, özü də aparıcı partiyanın üzvü təklif edib ki, Amerikaya nüvə zərbəsi endirilsin. Biz deyirdik ki, bunların dəlisi Jirinovskidi, sən demə ondan da dəlisi varmış. Ona görə də, hər hansı müharibə olası deyil. Müharibə olacağı təqdirdə nəzəri baxımdan götürəndə Rusiya əhalisinin, ordusunun sayına görə Ukraynadan böyükdür. Amma praktik olaraq hər şeyə nöqteyi-nəzərdən baxmaq lazımdır. Bu gün Putinin şəxsinə 18 bənddən ibarət dərhal işə düşəcək sanksiyalar hazırdır. O cümlədən, onun öz hesabları Rusiyanın beynəlxalq pul köçürmələrdən təcrid olunması və digər amillər də var. Bu günlərdə Putin, Lavrov, Şoyqu dəvəquşu vəziyyətindədir, başlarını salıblar quma, yaxud suya və elə bilirlər ki, dünya bunları görmür. Dünya da bunları görür hər şey də aydındır. Onun yalnız gücü çatdığı balaca ölkələrdir və onlara iqtisadi və ya hərbi hansısa təsir göstərir. Ukrayna artıq 2014-cü ildəki kimi deyil. Ukraynanın arxasında birbaşa dünyanın bir nömrəli söz sahibi olan ölkəsi Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya və digərləri dayanıb. Ona görə də müharibə olmayacaq və hər hansı bir narahatlıq yoxdur. Lokal xarakterli toqquşmalar həmişə olub. Amma genişmiqyaslı müharibə olası deyil. Müharibə olacağı təqdirdə uduzan tərəf Rusiya olacaq", - deyə Ü.Cəfərov bildirdi.

Nuranə Tofiqli