Yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO

 13:06 18.01.2022     296

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni inşa edilən modul tipli infrastrukturun açılışında olub.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, məruzə olunub ki, döyüş mövqelərində inşa edilən modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, mini futbol meydançası salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.

Sonda nazir müavini Müdafiə Nazirliyinin mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölməsində yeni inşa olunan qərargah binasının açılışında iştirak edib.