Vətən müharibəsi iştirakçısına hələ də medal verilməyib - FOTO
Vətən müharibəsi iştirakçısı Məmməd Vidadi oğlu Rəhimov redaksiyamıza müraciət edərək, 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak etsə də, bu günədək medalla təltif olunmadığını bildirib.
O qeyd edib ki, Qarabağda bir sıra ərazilərimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və hərbi biletində döyüşdüyü yerlərin - Cəbrayıl və Xocavənd rayonlarının adı da qeyd olunub: "Amma döyüşlərdə iştirak etməyimə baxmayaraq, məni medalla təltif etməyiblər".
Məmməd Rəhimov həmçinin ona müharibə veteranı adının verilmədiyini də bildirib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Anar Eyvazov Redaktor.az-a bildirdi ki, Vətən müharibəsində və 2021-ci ilin noyabr ayında Kəlbəcər və Laçın istiqamətində erməni təxribatlarının qarşısını alarkən həyata keçirilən əməliyyatlarda iştirak edən və fərqlənən hərbi qulluqçulara 154 mindən artıq orden və medallar verilib.
Anar Eyvazov veteran adının verilməsinin gecikməsi ilə bağlı məsələyə də münasibət bildirdi:
"“Müharibə Veteranı” adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli sərəncamı icra olunur".
Nuranə Tofiqli
























