"Baş leytenantın tapılması üçün axtarış-xilasetmə tədbirləri davam etdirilir" - Anar Eyvazov- YENİLƏNİB

 18:01 29.01.2022     1099

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirib.

Redaktor.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, çovğun nəticəsində itkin düşən 4 nəfər hərbi qulluqçunun üçü tapılaraq hospitala yerləşdirilib.

"Hadisə ilə bağlı deyə bilərəm ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb", - A.Eyvazov deyib.

Onun sözlərinə görə, ərazinin çətin relyefli yüksəklikdə və qarla örtülməsini nəzərə alaraq bura kifayət qədər şəxsi heyət və texnika cəmləşdirilib: "Axtarış işlərinə cəlb olunan şəxsi heyət mütəmadi olaraq isti yemək və çayla təmin edilir. Keçirilən axtarışlar nəticəsində bu gün səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb və onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir".

 

Vumart və Güvən reklamı Vumart Güvən