"Sülhməramlılar söz veriblər ki, bir də belə qələt etməyəcəklər, amma..."
Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti zaman-zaman etirazlara səbəb olur. Son olaraq Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini rus sülhməramlıları ilə yanaşı Qarabağdakı erməni separatçısının yoxlaması, Ağdam istiqamətində sülhməramlılarla separatçıların birgə səngər qazması və nəhayət Rusiya sülhməramlılarının nəzarət etdiyi keçmiş Ağdərə rayonu ərazisindəki erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması rus hərbçilərlə bağlı narazılıqları daha da artırır.
Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, sülhməramlılar olan-qalan hörmətini də itirib:
“Sülhməramlılarla bağlı mövqeyim dəyişməz olaraq qalır. Onların tamam rüsvay olmaması üçün Rusiyanın siyasi və hərbi rəhbərliyi bu barədə ciddi düşünməli və qərar verməlidir. Vladimir Putin, Sergey Şoyqu və Sergey Lavrov üçlüyü yaranmış vəziyyəti təcili olaraq müzakirə etməlidir. Onlar başa düşməlidir ki, Azərbaycan xalqının bundan sonra Rusiya sülhməramlılarının hoqqabazlıqlarına dözmək fikri yoxdur. Azərbaycan rəsmiləri diplomatiya, etika xatirinə bəzi şeyləri dilə gətirə bilmir. Amma biz Azərbaycan cəmiyyəti olaraq bu hadisələrə hiddətimizi və narazılığımızı bildiririk. Niyə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə bu biabırçılıq davam edir? Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyi özünü tülkü kimi apararaq olanları görməzlikdən gəlir. Sergey Lavrovun mətbuat katibi Mariya Zaxarova hər həftə mətbuat üçün brifinq keçirir. Ötən həftə biz Rusiya sülhməramlıları ilə bağlı onların məsələyə münasibət bildirəcəyini gözlədik. Lakin təəssüflər olsun ki, bu olmadı. Sülhməramlılar separatçılarla qol-boyun olaraq Azərbaycanın Müdafiə Nazirliyinin avtomobillərini yoxlayır. Buna heç bir aydınlıq gətirilmir. Guya söz veriblər ki, bir də belə qələt etməyəcəklər. Lakin buna kim inanar? Bu, birinci dəfə deyil, ikinci dəfə deyil ki, baş verir”.
Ekspert hesab edir ki, Azərbaycan bu məsələdə sərt davranmalıdır:
“Sülhməramlılar gələndən sonra əxlaqsızlığa başladılar. Rüstəm Muradovun dövründən sonra gələn Mixail Kosobokovun vaxtında ictimai qınaq çox oldu deyə onlar özlərini bir qədər yığışdırdı. Lakin Gennadi Anaşkinin vaxtında da bu əxlaqsızlıq davam etdi. Tərbiyəsizliyin həddi o dərəcəyə çatmışdı ki, erməni qadınları Rusiya Müdafiə Nazirliyinə müraciət edib deyirdi ki, sülhməramlılar burada tamam başqa işlərlə məşğuldur. Sülhməramlılar əxlaqsızılıq, əyyaşlıq, alkaşlıq edirlər. İndi onlara yeni komandan təyin olunub. Yeni komandan kefi istədiyi yerdə tapşırıq və göstərişlər verir. Onlar Ağdam ərazisində səngər qazırlar. Siz kimsiz ki, Azərbaycanın ərazisində səngər qazırsız? Sizin vəzifə borcunuz müvəqqəti nəzarətinizdə olan ərazilərdən yaramaz erməniləri uzaqlaşdırmaqdır. Hələlik biz bunu görmürük. Rusiya sülhməramlıları bölgəni tərk etməlidir. Onlar bölgədə zərrə qədər də olsun öz funksiyalarına uyğun işlə məşğul olmur. Kimin nə deməyindən asılı olmayaraq görünən mənzərə budur ki, onlar bölgədə separatçılığı dəstəkləməklə məşğuldur. Sülhməramlılar Araikə şərait yardırlar ki, toplantı keçirsin, əski parçasının altında tədbir keçirib səngərləri gəzsinlər. Araik Arutyunyan qondarma parlament və prezident seçkilərinə hazırlaşır. Bu da sülhməramlıların gözü qarşısında baş verir. Sonuncu hadisələr onu deməyə əsas verir ki, bunların qarşısı ilk aylarda alınmalı idi. Məsələ böyüdükdən sonra bunun qarşısını almaq mümkün olmayacaq. Ruslar orada bizim üçün əlavə problemlər yaradacaq. Bu problemlərin olmaması üçün Azərbaycan tərəfi təkcə bəyanatla kifayətlənməməlidir. Heç kim Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini qınamamalıdır. Onlar icraedici orqanlardır və özbaşına hərəkət edə bilməz. Bunun üçün müvafiq dövlət və hökumət strukturları var. Təəssüflər olsun ki, onlar bu işi görmədiyinə görə adıçəkilən qurumlar, əsgər və zabitlərimiz qınaq mənbəyinə çevrilir. Gəlin ehtiyatlı olaq və hər kəsi öz adı ilə çağıraq. Azərbaycan dövlətinin Rusiyaya təsir göstərməsi üçün kifayət qədər imkanları və resursları var. Əks halda bizim şəhidimiz də, yaralımız da olacaq. Ona görə də bu istiqamətdə təcili olaraq əməli işlər görülməlidir”.
Şəbnəm Mehdizadə












