Şuşada hərbi maşının qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı
Hərbi Prokurorluq Şuşa-Laçın yolunda hərbi avtomobilin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.
Məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxil olan sözügedən məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
"Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir", - deyə Hərbi Prokurorluqdan bildirilib.












