"Cinayətlər ildən-ilə azalıb" - Hərbi prokuror

 16:22 08.04.2022     399

Silahlı Qüvvələrdə baş vermiş istənilən ölüm faktı üzrə cinayət işi başlanılıb, bu qəbildən olan hər bir cinayət işinin istintaqı nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda keçirilən geniş kollegiya iclasında Baş prokurorunun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Xanlar Vəliyev vurğulayıb ki, bütün bunların nəticəsində də cinayətlər ildən-ilə azalıb və konkret olaraq 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25,0 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz və özünü öldürmə hadisələri 12,5 faiz azalıb.