Rusiya üçün hər şey bitib - Hərbi ekspert: "Donbassdan da, Qarabağdan da çəkiləcəklər"

 17:09 14.04.2022     21496

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna torpaqlarında silah daşıyan ABŞ və NATO maşınlarını “qanuni hərbi hədəflər” hesab etdiklərini bildirib. Bu da o deməkdir ki, Rusiya Ukraynaya yardım etdiyi üçün ABŞ və digər NATO ölkələrini hədələyir.

Rusiya ABŞ və NATO maşınlarını vurarsa, bu, hansı nəticələrə gətirib çıxarar? Bununla da NATO müharibəyə birbaşa daxil ola bilərmi?

Mövzu barədə Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov hesab edir ki, Rusiyanın hədəsi NATO-nu qorxuda bilməz:

“Rusiya özü üçün danışır. Yağmasa da, guruldayır. Kimi vuracaq, nəyi vuracaq, nəylə vuracaq?! Bu, sadəcə olaraq növbəti blöfdür. Əvvəllər buna hardasa ciddi yanaşmaq olardısa, indi onların blöfdən başqa şansları yoxdur. Ona görə də hesab edirəm ki, o qədər də bənd olmaq lazım deyil. Onların heç müharibəni düz-əməlli aparmağa gücləri yoxdur. O ki, qaldı Amerikanı vuracaqlar, Kiyevi yenidən vuracaqlar. Artıq bu gün onlara Kiyevdən çox sərt bir cavab gəldi ki, sizin Kiyevi vuracağınız təqdirdə biz də Moskvanı vuracağıq. Yəni Putin, ya onun digər siyasətçiləri bunu eşitmək istəyirdi”?

Ekspert qeyd etdi ki, nüvə təhdidləri nəzəri mümkündür, amma praktiki yox:

“Müharibənin 50-ci günüdür. Bu müddət ərzində yalnız dünyada dağıntı, insan fəlakəti, insanlıq əleyhinə cinayət, hərbi cinayətlər, vəhşilik edən bir dövlət heç bir halda bundan sonra nə Kiyevi, nə Vaşinqtonu, nə başqa yeri vurmaq gücündə olmayacaq. O ki, qaldı onun nüvə təhdidləri nəzəri baxımdan mümkündür. Amma praktiki baxımdan heç cür mümkün deyil. Artıq hər şey izlənilir, nəzarətdədir. Ona görə də Rusiya inadkarlıq göstərməkdənsə, dayanmalı idi, dünyadan və Ukrayna xalqından üzr istəməli idi ki, belə bir avantüraya baş vurub”.

Polkovnikin sözlərinə görə, Ukraynada elə silahlar var ki, Rusiyanın məğlubiyyəti qaçılmazdır:

“Rusiya siyasi-hərbi rəhbərliyində o istək və həvəs yoxdur. Özləri bilər. Cənubdan əlini üzüb şərq istiqamətindən Ukraynadan torpaq qoparmaq istəyir. Mayın 9-da hansısa paradı ya Mariupolda və yaxud da Moskvada keçirməyi düşünür. Mümkün deyil. O silahlar ki, hansı ki, Ukraynaya verilib və verilməkdə davam edir, bundan sonra Rusiyanın Ukrayna qarşısında hərbi gücü get-gedə zəifləyəcək. Ukrayna ən müasir silahları alıb. Təsəvvür edin ki, təyyarəni vurmaq üçün raketlər əsgərin çantasında daşınır. O cür rahat silahlar Ukraynaya verilib. Ona görə də Rusiyanın şansı, perspektivi yoxdur”.

Üzeyir Cəfərovun fikrincə, Rusiya təkcə hərbi cəhətdən yox, iqtisadi, siyasi cəhətdən də bərbad gündədir:

“Bu müharibə artıq çoxdan bitməli idi, amma Rusiya inadkarlıq göstərir, hardansa yığıb gətirdiyi 150 min əsgər və zabitini yenə də qırğına verəcək. Artıq heç döyüşmək istəyənlər də yoxdur. Artıq 50 gündür. Bu, bataqlıq kimi onu dartır və büdcəsi bunun altından çıxa bilməyəcək. Əvvəllər deyirdi ki, hər gün müharibəyə sərf etdiyi 10 milyardlarla vəsait var. Bu vəsaiti onun büdcəsi heç bir halda çıxara bilməyəcək və bu yükü çiyninə ala bilməyəcək. Ona görə nə Kiyevi vurmağa gücü olacaq, nə də ki, Amerikaya bundan sonra onun hər hansı bir gücü çatacaq. Hələlik son akordlarını vurur. Son akordlar da onun üçün o qədər də yaxşı bitməyəcək”.

Hərbi ekspert hesab edir ki, Rusiya Amerikanı vursa, bu, onun üçün fəlakət olar:

“NATO-nun ən aparıcı ölkəsi Amerika Birləşmiş Ştatlarıdır. Amerikaya qarşı hər hanısa zərbə olarsa, ondan sonra Rusiya Federasiyası adlı bir dövlətin olması mümkün deyil. Üçüncü Dünya müharibəsindən əlavə, bu, elə bir fəlakət olacaq ki, nə iləsə müqayisə etmək çətindir. Kremldə oturan siyasətçilər, generallar da bilirlər ki, Amerikaya qarşı heç nə edə bilməzlər. Onlar Ukrayna ilə bacarmadıar, Amerika ilə necə bacaracaqlar? Rusiya üçün hər şey bitib”.

Polkovnikin sözlərinə görə, Rusiya müharibəyə başlayanda düşünürdü ki, 48 saata hər şey bitəcək:

“Dünən ən aparıcı gəmisini - “Moskva” kreyserini qoruya bilmədi. Biri deyir gəmini vurublar, biri deyir yanğın olub... Heç düz-əməlli dənizdə müharibə aparmaya-aparmaya, öz kreyserini qoruya bilməyə-bilməyə nə edəcək?  Fikirləşirdi ki, 48 saat ərzində gedib oturacaqlar Kiyevin mərkəzində və dünyaya planlarını elan edəcəklər. O, alınmadı. Döyüşün görün hansı mərhələsində komandanı dəyişir. O komandan demoralize olmuş ordunu necə ruhlandıracaq, Aleksandr Dvornikov özü götürəcək silahı? Məşhur filmlərdə olduğu kimi uçacaq qoşunların üstünə, onları döyüşə ruhlandıracaq? Mümkün deyil. İstənilən qərarı elə bil ki, dizinin üstündə sxemi çəkib verir ki, get”.

Üzeyir Cəfərov qeyd etdi ki, hazırda olan-qalan təyyarələri, tanklarını yığır.

“Nəyə nail olacaq? Bu gün Xersonda düz-əməlli fəaliyyət göstərməsi üçün heç bir imkanları olmayan bir ölkə tutaq ki, Ukraynanın hansısa vilayətini, şəhərini götürdü. Bəs sonra? Görür ki, Ukrayna xalqı onu heç bir halda nə Odessada, nə Mariupolda, nə Xarkovda, nə Xersonda qəbul etdi. Onun etdiyi fəlakət, onun Ukrayna ilə yollarını tamamilə ayırdı. Bütün bunların fonunda nə mənası var ki, hər dəfə raketlər atır, bəzi əraziləri vurur. Bizim ruspərəstlər də deyir ki, Rusiya sabah Mariupolu alacaq. Tutaq ki, Mariupolu aldı. Bəs sonra? Rusiya Mariupolu da, Xersonu da itirəcək, Donbassdan da, Luqanskdan da, Qarabağdan da, Abxaziyadan da, Dnestryanı ərazidən də çəkiləcək. Ona görə də Rusiyanın bu avantürası onun üçün çox böyük baha başa gəldi və bunun da yaxın həftələrdə canlı şahidi olacağıq”, - deyə ekspert bildirdi.

Zərif ÜLVİQIZI