Avtoşluq edən əsgərə cinayət işi açıldı - Müdafiə Nazirliyi - VİDEO
Müdafiə Nazirliyi avtoxuliqanlıq hərəkətləri edən əsgərlə bağlı məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Redaktor.az-a bildirilib ki, "N" nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.
"Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.
Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycanın qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".
Qeyd edək ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.
Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən olub və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır.
Onu da bildirək ki, avtoxuliqanlıq edən əsgər, tanınmış iş adamı Soltanpaşa Məlikovun oğludur.












