"Kimsə çoxlu ulduzlar daşıya bilər, amma bu sahə əsl peşəkarlara həvalə edilməlidir” - Üzeyir Cəfərov
Xəbər verdiyimiz kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib.
Ən yeni texnoloji avadanlıqla təchiz edilmiş mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək.
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, bu mərkəz çoxdan yaradılmalı idi, çünki bu gün dünyada informasiya müharibəsi daha yüksək səviyyədədir.
“Bu gün silahdan çox informasiya müharibəsi gedir. O cümlədən, kibermübarizə üsulları aparılır. Buna görə də, bu çoxdan edilməli idi. Nəzərə alsaq ki, 21-ci əsr, ən yeni texnologiyalar əsridir, bu səbəblə fasiləsiz olaraq məlumat, kommunikasiyalar izlənilməli və yoxlanılmalıdır.
Düşmənlərimiz sabah elə bir kiberhücum həyata keçirə bilərlər ki, qısa müddətdə cəmiyyətdə və orduda panik əhval-ruhiyyə yarana bilər ki, hərbçilər demoralizə vəziyyətə düşə bilər. Bu gün Rusiya ilə müharibədə Ukraynanın apardığı çevik informasiya müharibəsi görün hansı nəticələri verir və bivec Rusiya təbliğatı hansı durumdadır. Çünki bu gün, həqiqətən də, bunlar çox vacib məqamlardır”,- deyə ekspert əlavə etdi.
Ü.Cəfərovun sözlərinə görə, bəzən qarşı tərəfin ordusunu sıradan çıxarmaq üçün elə məlumatlar, dezinformasiyalar yayılır ki, bunların qarşısını almaq üçün kibertəhlükəsizliklə bağlı kifayət qədər ciddi işlər görülməlidir:
“Dünyanın bəzi aparıcı ölkələrində kibertəhlükəsizlik qoşunları var. 19-20-ci əsrlərdə bu barədə heç danışılmırdı, amma artıq 21-ci əsrdir və bəzi ölkələr bunu təcili həyata keçirdirlər. İndi də bizdə belə bir mərkəz istifadəyə verilir. Mən istərdim ki, orada yaradılan şəraitdən əlavə mütəxəssislər daha cavan, daha bacarıqlı kadrlar olsun və dünyanın qabaqcıl ölkələrində təlim keçsinlər. Kimsə çoxlu ulduzlar daşıya bilər, yüksək vəzifəsi ola bilər, amma istərdim ki, bu sahə əsl peşəkarlara həvalə edilsin”.
Nərmin Vüqarqızı












