"Qarabağ məsələsi tezliklə həll olunacaq" - Hərbi ekspertdən AÇIQLAMA

 15:47 14.07.2022     4266

İkinci Qarabağ müharibəsindən artıq 2 ilə yaxın bir müddət ötür, lakin ermənilər müharibədən sonra imzalanan üçtərəfli bəyanatın tələblərinə hələ də əməl etmirlər.

Ermənistanın bu cür addım atmaqda müxtəlif məqsədləri var. Ən əsas səbəb isə sərhədlərin delimitasiya və demarkasiya məsələsidir. Həmçinin Ağdərə, Laçın, Xocalı və Şuşanın bir hissəsində məskunlaşan ermənilər həmin əraziləri tərk etmirlər.

Belə bir halda Azərbaycanın erməni separatçılarının nəzarətində olan ərazilərdə antiterror əməliyyatı keçirilmə ehtimalı varmı?

Bununla bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan yerdə qalan məsələləri yenə də güc hesabına həll edəcək.

“Buna heç kimin şübhəsi olmasın. Nə Rusiyadan, nə də başqa bir yerdən nicat gözləməyə dəyməz. Çünki münaqişənin artıq 2 ili tamam olacaq, amma bu müddət ərzində təəssüflər olsun ki, müsbətə doğru heç bir addım atılmayıb. Vəziyyət də get-gedə dərinləşir. Ermənilər hər gün bir iddia irəli sürür. İndi də deyirlər, Zabux və Laçından çıxmayacağıq. Amma çıxacaqlar. Təəssüf ki, müəyyən itkilər, müəyyən çətinliklərin hesabına buna nail olacağıq.

Ağdərə və digər bəzi ərazilərdə müəyyən qədər çətin yerlər var ki, o yerləri erməni silahlılarından təmizləmək üçün biz qan axıtmalı və tər tökməli olacağıq”,- o deyib.

Ekspert hesab edir ki, bu ilin sonuna qədər antiterror əməliyyatları yekunlaşacaq:

“Azərbaycan ikinci yolu (yen Laçın dəhlizi - red.) çəkib başa çatdırdı, amma Ermənistan hələ avqust ayında tender elan edəcək və nəticəyə əsasən qalib şirkət yol tikintisinə başlayacaq. Hətta Azərbaycan ikinci yolun Ermənistan ərazisindən keçən hissəsinin çəkilməsi üçün onlara öz təklifini vermişdi. Amma Ermənistan rəhbərliyi buna razılıq verməmişdi. Bunların hər biri ermənilərin hiyləgər oyunlarıdı.

İl ərzində maraqlı proseslər olacaq. Bununla da Qarabağ məsələsi tezliklə həll olunacaq. 2023-cü ilə kimi bu məsələ öz həllini tapacaq”.

Xatırladaq ki, bu günlərdə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mətbuata bildirib ki, gedişatların nəticəsinə əsasən, Azərbaycan Qarabağda antiterror əməliyyatları tətbiq edə bilər.

Nərmin Vüqarqızı