"Onlara bu silahlılar lazımdırsa, götürüb aparıb Rusiyada yerləşdirsinlər" - Polkovnik

 13:49 16.07.2022     3705

"Biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb.

Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək".

Redaktor.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Mövzu ilə bağlı saytımıza açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov öncə bildirdi ki, Azərbaycan 30 il sonra öz haqq işini öz ordu gücü ilə yerinə yetirdi, işğalçıları darmadağın etdi.

"Müharibə zamanı Şuşada üçtərəfli bəyannamə imzalanmışdı və sənədin 4-cü bəndinə əsasən, Ermənistan, ümumiyyətlə silahlı heç bir qurum Azərbaycan ərazisində məskunlaşa bilməzdi. Amma il yarım ötməsinə, danışıqlar aparılmasına baxmayaraq, bu məsələ hələ də öz həllini tapmayıb. Həm Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin, həm Rusiyanın xarici işlər naziri Lavrovun Bakıya gəlməsi göstərir ki, bu məsələ müzakirə olunub və yay aylarında – cənab Prezidentin dediyi kimi iyula qədər bu məsələ həll olunmalı idi”,- polkovnik deyib.

Ş.Ramaldanovun sözlərinə görə, bu gecikdirmə bilərək atılan addımdır:

“Ola bilər ki, bunun altında hansısa təxribat yönlü məqsədlər var. Çünki əlisilahlı seperatçı qurum Azərbaycanın ərazisində heç bir qanuna uyğun olmayaraq yerləşib və prinsip cəhətdən bu ərazilərdə onları qoruyan rus sülhməramlılarıdır. Bu ərazilərə Rusiya sülhməramlıları cavab verdiyindən Azərbaycan hələ ki onları tərkisilah etməklə məşğul olmur.

Cənab Prezident bu məsələni artıq ciddi bir şəkildə ortaya qoyub və mən düşünürəm ki, bu ciddi xəbərdarlıqdan sonra həm Rusiya, həm də Ermənistan bu bəndin yerinə yetirilməsini təmin etməlidirlər. Əgər onlar bunu təmin edə bilməsə - bu ərazi Azərbaycanda yerləşir və qanunsuz olaraq yerləşiblər - bu halda Azərbaycanın öz ərazisində antiterror əməliyyatı aparmağa heç nə mane ola bilməz. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, silahlılar ölkə ərazisində qanunsuz yerləşsin. Bu halda həmin silahlılar terrorçulardır və rədd edilməlidir. Yaxın Şərq və digər ölkələrdə bu proses necə gedirsə, Azərbaycanda da terrorçularla mübarizə məsələsi altında məhz qanunsuz silahlılar qarşı əməliyyatlar aparılmalıdır”.  

Polkovnik qeyd etdi ki, silahlı erməni birləşmələri Azərbaycan ərazisində hər zaman hansısa qüvvələrin təsiri altında təxribat törətmək üçün vasitədir:

“Bu missiyanı rus sülhməramlılar daşıyırsa, onlara bu silahlılar lazımdırsa, götürüb aparıb Rusiyada yerləşdirsinlər. Azərbaycanda bütün xalqlara və millətlərə, dinindən və irqindən asılı olmayaraq hamısına Azərbaycan vətəndaşlığı təklif olunur və vətəndaşlığı qəbul etdiyi halda Azərbaycan qanunları tərəfindən müdafiə olunacaqdır.

Orada yerləşən ermənilərə aydındır ki, Azərbaycan tərəfindən onlara heç bir təhlükə yoxdur. Artıq il yarımdır, Azərbaycan bunu təsdiqlədi. Həmin ərazilərdə hələ ki azərbaycanlılar yaşamadığı halda Azərbaycan dinc əhaliyə qarşı heç bir aqresiya irəli sürmədi”. 

Ş.Ramaldanov vurğulayıb ki, proseslərin gedişatı bu məsələni uzatmayacağını göstərir:

“Azərbaycan haqq sözünü deyərək tələbini ortaya qoyub və bu həyata keçiriləcək. Azərbaycan maraqları və qanunları çərçivəsində qərar veriləcək. Əgər Rusiya və Ermənistan tərkisilah məsələsini praktiki reallığa çevirmək üçün iştirak etməyəcəksə, Azərbaycanın əldə olan bütün vasitələri ilə bu addımı atmağa həm də hüquqi cəhətdən haqqı var. Bəyannamənin 4-cü bəndi buna əsas verir.

Bu səbəblə Azərbaycan ordusu, Azərbaycan xalqı yenə də bir yumruq altında toplaşmağa hazırdı. Biz hər zaman Prezidentimizin yanındayıq ”.  

Nərmin Vüqarqızı