"Laçın dəhlizində Azərbaycan sərhədçisi dayanmalıdır" - Deputat Elman Məmmədov

 15:29 25.07.2022     4722

Ermənistan müxalifəti sentyabrın 2-də Qarabağa qanunsuz səfər etmək istəyir.

Bu barədə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Qeqam Manukyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Qarabağdakı separatçı rejimin rəhbərliyi onlara dəvət göndərib.

"Biz gedəcəyik. Amma hakim partiyanın deputatlarını bilmirəm. Onlar keçən dəfə də Qarabağa getmədilər", - deyə Manukyan bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Qarabağ Azərbaycan ərazisidir və kimliyindən asılı olmayaraq sərhədi kim keçmək istəyirsə, Azərbaycan hökumətindən icazə almalıdır.

“Mən həmişə demişəm ki, Laçın dəhlizi ərazisində yerləşən Azərbaycan-Ermənistan arasındakı sərhəddə Azərbaycan sərhədçisi dayanmalıdır. Həmin ərazidə Azərbaycanın sərhəd buraxılış məntəqəsi olmalıdır. Bu, Rusiya erməniməramlıları ərazimizə ki, gəliblər, onlar sülhməramlı deyil. Onlar gələndən cinayətkarlar, separatçılar, terrorçularla əməkdaşlıq edirlər. Onlar Azərbaycan sərhədçisi deyil. Nə də onların ixtiyarı yoxdur ki,  Azərbaycanın ərazisinə hökumətimizin icazəsi olmadan hər hansı bir əcnəbi vətəndaşı buraxsınlar. Hansı ki, bu əcnəbi vətəndaşlar da Azərbaycanın düşmənləridir, terrorçulardır, quldurlardır. 

Hesab edirəm ki, bu məsələdə çox ciddi mövqe ortaya qoyulmalıdır və sərhədə özümüz nəzarət etməliyik. Az qala 2 ildir ki, rus hərbi kontingenti ərazimizə gəlib. Gəldikləri gündən işləri-peşələri Azərbaycan ərazisindəki separatçılara, terrorçulara silah-sursat, ərzaq, yanacaq daşımaqdır, cinayətkarları aparıb-gətirməkdir. Onların işi budur. Yəni onlara arxayın olmaq, etibər eləmək olmaz. Öz sərhədimizi özümüz qorumalıyıq. Ərazimizə kim gələcək, kim gedəcək hər birində bizim icazəmiz olmalıdır", - deyə millət vəkili vurğuladı.

Xatırladaq ki, sonuncu dəfə Rusiya sülhməramlıları erməni müxalifətini təmsil edən deputatları Qarabağa buraxmamışdı.

Nərmin Vüqarqızı