"9 insident həyəcan siqnalının pik nöqtəsidir, Azərbaycan Ordusu hərəkət edəcək" - Polkovnik

 15:54 26.07.2022     1876

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.

Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədində, 7-si isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Ermənilərin bu təxribatları ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, daxildə bu cür insidentlərin yaşanması Azərbaycanın antiterror əməliyyatlarına başlaması ilə nəticələnəcək:

“Təəccüblü heç nə yoxdur, ona görə ki, nə qədər ki Rusiya sülhməramlıları qanunsuz erməni silahlı dəstələrinin üzvlərini oradan uzaqlaşdırmayacaq, bu hadisələr təkrarlanacaq. Bu gün artıq Laçın, Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətində 9 insident qeydə alınıb. Təsəvvür edin, əvvəllər bir hadisə olanda biz narazılığımızı bildiririk, indi 2 hadisə - Ermənistan-Azərbaycan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsindəki bölmələrimizə atəş açılıb, 7 insident isə rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş verib. Bu o deməkdir ki, Azərbaycan Ordusu qəti şəkildə bu təxribatların qarşısını almaq üçün hərəkət etməlidir və edəcək. Buna heç kimin şübhəsi olmasın”.

Hərbi ekspertin sözlərinə görə, rusiyalı sülhməramlılar ərazilərimizə gəldikləri gündən qanunsuz erməni dəstələrinə silah-sursat yardımı göstərirlər.

“Ordumuz təkcə adekvat cavab tədbirləri ilə kifayətlənməməlidir, biz qanunsuz erməni silahlı dəstələrini zərərsizləşdirməliyik. Onlarda olan silah-sursatı yığmalı və imkan verməməliyik ki, Rusiya sülhməramlıları onlara namərdcəsinə silah daşısın.

Bu yaxınlarda Azərbaycan əsgərləri Rusiya sülhməramlılarının kolonunu yoxlayarkən ermənilər üçün nəzərdə tutulan qeyri-qanuni silah aşkarlayıb. O silahlar, təəssüf ki, müsadirə olunmayıb, amma kolon geri qaytarılıb. Bu 1 il 8 ay ərzində Rusiya sülhməramlıları orada kifayət qədər qanunsuz erməni silahlı dəstələrinə avtomat, pulemyot, minaatan və digər silah-sursatları daşıyıb. Buna görə hesab edirəm ki, bu hadisələrin qarşısı yaxın günlərdə, yaxın vaxtlarda alınmasa, daha ağır faciələr baş verə bilər.

7 insidentdən hətta yarısı hədəflərinə çatsa idi, 3 əsgərimiz, zabitimiz, MAXE-miz atəş nəticəsində yaralansa, həyatını itirsə, onda nə olacaqdı? “Allah rəhmət etsin”, “Vətən sağ olsun”, “Şəhid verdik” ifadələri ilə kifayətlənərdik. 2 ildir, mətbuatda çıxış edirik ki, qanunsuz erməni silahlıları həmin ərazilərdən uzaqlaşdırılmalıdır və məsələ də həllini tapacaq. Sadəcə Rusiya sülhməramlıları şərəfsizcəsinə orada olan vəzifə borclarını yerinə yetirmirlər. Azərbaycan Prezidenti 6 ayın yekunlarına həsr olunmuş müşavirədə bunu bir daha qeyd etdi. Biz sözdən əmələ keçməliyik. Gözləməməliyik ki, hadisə baş versin, sonra qərar verək. 9 insident həyəcan siqnalının pik nöqtəsidir. Həyəcan siqnalı bizim üçün, əsgər və zabitlərimiz üçün çalınır. Biz isə hələlik gözləyirik. Prezidentin 6 ayın yekunlarına dair toplantıda dediyi “iyul ayında çıxmalı idilər, çıxmayıblar, artıq iyul ayı başa çatıb” kəlməsi o deməkdir ki, bunlar silah-sursat ehtiyatlarını gücləndirirlər. Bildiyim qədər bu məsələ ilə bağlı artıq yaxın saatlarda, yaxın günlərdə qərar veriləcək”,- polkovnik vurğulayıb.

Nərmin Vüqarqızı