“Yaxın zamanda Qarabağda antiterror əməliyyatı qaçılmazdır” – Deputat

 16:15 03.08.2022     1087

Xəbər verdiyimiz ki, son günlərdə Rusiya sülhməramlıların yerləşdiyi təmas xəttində erməni qanunsuz silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması intensivləşib.

Bu gün səhər saatlarında da sülhməramlı kontingentin nəzarətində olan torpaqlarımızdakı qeyri-qanuni erməni silahlı dəstələri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Nəticədə milli ordumuzun əsgər 2004-cü il təvəllüdlü əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin sözlərinə görə, ermənilər gizli cəhdlərlə Laçın dəhlizindən çıxmaq istəmirlər. Buna görə də, onlar çox böyük problemlər yaradırlar.

“Sülhməramlı qüvvələr də öz üzərlərinə düşən funksiyanı sona qədər yerinə yetirmir. Əsas məqsəd ondan ibarətdir ki, nəyin bahasına olursa, status-kvonu saxlasınlar, delimitasiya və demarkasiya ilə bağlı komissiyanın işini uzatsınlar, eyni zamanda 20-30 il öncə həmin ərazilərdə yerləşdirilən erməni terrorçuların çıxarılmasına əngəl törətsinlər. Lakin nəyin bahasına olursa olsun, yaxın zamanda həm Rusiya hərbi kontingenti Laçın dəhlizini tərk etməli, həm də həmin erməni birləşmələri hər hansısa bir yolla o ərazilərdən çıxarılmalıdır.

Ermənilər bu səbəblərdən dolayı atəşkəsi qəsdlə pozurlar ki, alternativ yolla köç gec başlasın. Rusiya da bütün bu məsələlərdə erməniləri dəstəkləyir. Belə getsə, yaxın zamanda Qarabağda antiterror əməliyyatı qaçılmazdır”,- deyə millət vəkili əlavə etdi.  

Nərmin Vüqarqızı