Ermənilər yenə mövqelərimizi atəşə TUTDULAR

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Redaktor.az xəbər verir ki, məlumatda deyilir:
"Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.
Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Ötən sutka 9 belə hal qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".