"Sən hərbi xidmətdəsən, ya şou-biznes səhnəsində?" - Üzeyir Cəfərov

 13:42 09.08.2022     3729

“Sosial şəbəkələrdə yayılan məlumat və görüntülərlə bağlı Müdafiə Nazirliyinin etdiyi müraciət cəmiyyət tərəfindən doğru və düzgün qəbul olunmalıdır. İnsanlar “like” xətrinə, bilərək və ya bilməyərək köhnə və yaxud təzə videolar paylaşırlar və bu zaman dövlətimiz və ordumuz zərbə altında qalır.

Ona görə ki, bəziləri bundan istifadə edib ölkəmizə qarşı təbliğatlar həyata keçirirlər. “Baxın sülhdən danışan dövlət müharibəyə hazırlaşır, müharibə ritorikası, ab-havası var” deyərək Azərbaycan haqqında mənfi rəy yaradırlar”.

Bunu son günlərdə əməliyyatlar zamanı, eləcə də digər vaxtlarda hərbi qüvvələrin hərəkətini əks etdirən görüntülərin nümayiş etdirilməsi, eləcə də dəqiqləşdirilməmiş məlumatların yayılması barədə Redaktor.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov dedi. Onun sözlərinə görə, 21-ci əsr informasiyanın asan yayılması dövrüdür, amma bu o demək deyil ki, bütün məlumatları rahatlıqla paylaşmaq olar.

“İki il qabaq deyirdik ki, canımız ordumuza, əsgərlərimizə fəda olsun. İki il müddətində nə dəyişdi ki, sosial şəbəkələrdə bizim insanlarımız məsuliyyətsizlik edirlər. Sosial platformalarda bəzi dostlar deyirlər ki, 21-ci əsr məlumat dövrüdür, amma mən əsla o fikirlə razılaşmıram. Ona görə ki, ordunun dislokasiya yeri, vəzifəli şəxslərin hərəkət marşrutu da qorunmalıdır. Əgər sən dövlətinə, dövlətçiliyinə, xalqına, orduna məhəbbət göstərirsənsə, ona hörmətin olmalıdır.

Müdafiə Nazirliyinin də sosial şəbəkə istifadəçilərinə bu barədə müraciəti anlayışla qəbul olunmalıdır və bu müraciətlər ümumi olmamalıdır. Müdafiə Nazirliyi hansısa bir zadəganlar klubu deyil. Nazirlik ümumi danışmamalıdır, şəxslərin adını çəkməlidir ki, ictimai qınaq olsun, o insanlara təpki, təzyiq olsun. Yoxsa ümumi sözlərlə çox danışmaq olar. Konkret demək lazımdır”,- polkovnik dedi.

Ü.Cəfərov sosial şəbəkələrdə canlı yayım etdiyi üçün ordudan atılan əsgərlərlə bağlı da fikirlərini bölüşdü:

“İki əsgəri bu günlərdə Müdafiə Nazirliyi haqlı olaraq ordu sıralarından uzaqlaşdırıb. Kiçik çavuş rütbəsində cavan uşaqdır, TikTokda canlı yayım edir. Anlamıram, sən hərbi xidmətdəsən, ya hansısa bir şou-biznes  səhnəsində? Belə şeylər etmək olmaz”.

Nərmin Vüqarqızı