Bakıda yeni nəsil qırıcı nümayiş olunacaq

 15:10 05.09.2022     235

Türkiyənin Türk Aviasiya və Kosmos Sənayesi şirkəti (TÜSAŞ) Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində - ADEX-2022-də “Hürjet” reaktiv təlim təyyarəsini və beşinci nəsil döyüş təyyarəsi ilə bağlı layihələrdən birini nümayiş etdirəcək.

Bu barədə Redaktor.az “Anadolu”ya istinadən xəbər verir.

Sərgi çərçivəsində TÜSAŞ aviasiya və kosmik sahə ilə bağlı işlərini təqdim edəcək.

“ADEX-in ziyarətçilərinə həmçinin təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və kosmik sahə ilə bağlı layihələr, xüsusilə Türkiyənin ilk təlim təyyarəsi “Hürkuş” təqdim olunacaq”, - şirkət qeyd edib.

Bundan əlavə, Türkiyə şirkəti sərgidə iştirak edəcək nümayəndə heyətləri ilə regional əməkdaşlıq imkanlarının qiymətləndirilməsini planlaşdırır.

Yeri gəlmişkən, TÜSAŞ-ın baş direktoru Temel Kotil şirkətin bütün dünyanın yaxından izlədiyi layihələri ADEX çərçivəsində paylaşa biləcəklərindən məmnunluğunu ifadə edib: “Əvvəllər “Teknofest” çərçivəsində Azərbaycan gəncləri ilə görüşmüşük. Bu dəfə region ölkələrinin dövlət və hərbi nümayəndələri ilə görüşəcəyik. Dost və qardaş ölkə Azərbaycanla bir çox sahələrdə potensial əməkdaşlığı müzakirə etmək imkanımız olacaq”.

Xatırladaq ki, sentyabrın 6-8-də Bakıda keçiriləcək ADEX-2022-də 32 ölkədən 200-dən çox şirkət iştirak edəcək. İştirakçılar arasında Türkiyə, Rusiya, Çin, Fransa, İtaliya, Niderland, Bolqarıstan və digər ölkələrin aparıcı müdafiə şirkətləri olacaq. Beynəlxalq sərgi çərçivəsində səkkiz milli stend təşkil olunacaq.