Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

 16:10 08.09.2022     878

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26 455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bildirilib ki, 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Xatırladaq ki, Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib.