Türkiyənin Ağdamdakı yeni komandanı KİMDİR?

 13:20 11.09.2022     495

Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyə kontingentinə rəhbərlik edən general-mayor Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb. Sentyabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Abdullah Katırcını qəbul edib.

Redaktor.az xəbər verirm ki, görüşdə Azərbaycanla Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu diqqətə çatdırılıb. Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

A.Katırcının yerinə general-mayor Fatih Akpınar təyinat alıb. Bundan sonra Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə Akpınar rəhbərlik edəcək.

Ağdama təyinat alan general-mayor kimdir, ondan gözləntilər nələrdir?

Ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib ki, Fatih Akpınar peşəkar hərbçidir və ondan gözləntilər böyükdür.

"Türkiyə dövlətinin və hərbi qüvvələrinin siyasəti hər kəsə məlumdur, bu, dəyişməz olaraq qalır. Ona görə də vəzifədəki şəxslərin dəyişməsi görüləcək işlərin dəyişəcəyi mənasına gəlmir. Yeni təyinat alan general-mayorumuz da ona verilən təlimatların yerinə yetirilməsi üçün çalışacaq. Bir şey dəqiqdir ki, onlara verilən tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi üçün əllərindən gələni edirlər. Ağdamda yeni işə başlayan Fırat Akpınarın sülhün təmin edilməsi və ermənilərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün əlindən gələni edəcəyinə inanıram. O, hər zaman vətəninin və dövlətinin yanında olan hərbçilərdəndir. Fatih Akpınar Türkiyə dövlətinə qarşı qurulmuş 15 iyul qiyam hadisələri zamanı qəhrəmancasına dövlətinin yanında olub" - deyə Yücel Karauz vurğulayıb.

Qeyd edək ki, Fatih Akpınar 30 avqust tarixində Ali Hərbi Şuranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında vəzifəsi artırılaraq briqada generalı olub.

Xatırladaq ki, işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci ilin yanvarın 30-da fəaliyyətə başlayıb (MODERN.AZ).