"Ermənistan tərəfindən əhalimizə və ərazimizə qarşı çox ciddi təhlükələr yaranmışdı" - Deputatdan AÇIQLAMA

 16:10 13.09.2022     3036

12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Gədəbəy istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, əgər ermənilər baş verənlərdən düzgün nəticə çıxarmayacaqsa, yenidən layiqli cavablarını alacaqlar.

“Ermənilərin uzun müddətdir ki, Azərbaycan ordusuna qarşı davam edən növbəti təxribatlarından biri baş verdi. Yəni bu, artıq gözlənilirdi. Ermənilər tərəfindən həyata keçirilən təxribatlar günü-gündən Azərbaycana qarşı güclənirdi. Mövqelərimiz bütün gün ərzində atəşə tutulurdu. Təminat yollarımız erməni diversantlar tərəfindən minalanırdı. Ermənistan tərəfindən əhalimizə və ərazimizə qarşı çox ciddi təhlükələr yaranmışdı. Və növbəti dəfə Azərbaycan cavab tədbirləri gördü. Yəni Azərbaycan heç vaxt ilk atəşi açmayıb. Azərbaycan müdafiə mövqeyində dayanıbdır və aqressiyaya, təxribata, ermənilərin hücumuna cavab verib.

Ermənilərin bu həyasızlığına, işğalçılıq niyyətinə son qoymaq üçün hələ o qədər də güclü cavab verilməyib. Amma mənə elə gəlir ki, hələlik bu dəfəlik kifayət edər. Bundan ermənilər ciddi nəticə çıxartmalıdırlar. Lakin belə görünür ki, bunlar düzgün nəticə çıxartmağı bacarmırlar. Çünki 44 günlük müharibənin, o cümlədən o müharibədən keçən iki ilə yaxın bir müddətdə Azərbaycan ordusunun onlara verdiyi bir neçə dərslərdən düzgün nəticə çıxartsa idilər, artıq belə qələtlər etməz, bu cür hərəkətlərə yol verməzdilər. Görünür, "dəmir yumruq" daim bunların başının üzərində hazır durmalıdır. Bunlar sülh, əməkdaşlıq dili ilə başa düşmək istəmirlər, bunları ancaq güc dili ilə başa salmağa ehtiyac qalır. Yəni gücünü göstər, bunlar başa düşəcəklər və geri çəkilib oturacaqlar. Bu dəfə də belə oldu”,- deyə deputat bildirdi.

Elman Məmmədov onu da qeyd etdi ki, bu təxribatı ermənilər qəsdən törədiblər:

“Məqsəd sülh sazişinin imzalanmasını, başqa gedən prosesləri ləngitmək və belə bir xəyalla yaşamaq ki, bəlkə nəyəsə nail ola bildik. Bu da təkcə ermənilərin fikri, işi deyil. Onlara xaricdən tapşırıq, şirin vədlər verən, təlxək kimi ortaya salan müəyyən dövlətlər və qüvvələr var. Bunlar tarix boyu belə xaricdən tapşırıqlar alıblar, bəhrələniblər və çox acı nəticələrini də görüblər. Bu dəfə də belə oldu və gələcəkdə də belə olacaqdır. Hesab edirəm ki, Azərbaycan ordusu ərazimizi və əhalimizi qorumaq üçün, təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirləri görübdür”.

Həmidə İbrahimova