Polkovnik sərhəddəki gərginlikdən danışdı: "Düşmənin başını əzdik"

“Azərbaycan dövlətinin apardığı uğurlu diplomatiya nəticəsində bütün danışıqlarda Ermənistan tərəfi sülh, həmçinin sərhədlərin demarkasiya və delimitasiya məsələsini artıq müəyyən öhdəçilik götürərək faktiki addımlar atmağa məcbur etdi. Bununla bağlı Ermənistanın Baş naziri Paşinyan və bəzi deputatlar sülh müqaviləsinin bağlanması ilə bağlı bəzi fikirlər səsləndirirdilər. Ancaq həmişə olduğu kimi Ermənistan heç vaxt müstəqil olmayıb, sözdə və əməldə fərqli hərəkətlərlə seçilib”.
Bu fikirləri Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməsi ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi. Onun sözlərinə görə, ermənilər bu cür təxribatları xaricdən aldığı sifarişlər nəticəsində həyata keçirir:
“Burada düşünürəm ki, xaricdən sifariş yerinə yetirməyi vərdiş edən Ermənistan bu dəfə də ölkədən xaric sifarişini yerinə yetirərək bu regionda gərginliyə səbəb olan addımlar atır. Bu halda sərhədlərin tanınması və sülh müqaviləsinin bağlanılması müddətini uzadır. Həm də müəyyən dövlətlərin bu regiona diqqətini cəlb etməyə çalışır.
Bu gün geosiyasi arenada gedən proseslərə göz gəzdirsək, Rusiya maraqlarına qarşı olan təzyiqlərə nəzər salsaq, burada da məhz həmin maraqların toqquşmasını görmək olar. Təbii ki, Ermənistan tərəfi və orda olan revanşist qüvvələr bundan faydalanaraq aktivləşib. Digər tərəfdən hərbi rəhbərlik də Paşinyan tərəfindən o qədər də çox idarə edilmir. Buna görə də, revanşist qüvvələrin addımlarını dəstəkləyərək atəşkəsi pozulur və belə təxribatlara əl atılır.
Ermənistan hərbi-siyasi rəhbərliyi də burada maraqlıdır. Buna görə də, sərhəddə bu hadisələr baş verir. Sadəcə onlar öz çirkin əməllərini revanşist qüvvələrin aktivliyi, müxalifətin fəaliyyəti və ordunun tam şəkildə idarə edilməməsi ilə ört-basdır etməyə çalışırlar”.
Ekspert qeyd etdi ki, Azərbaycan ordusunun bölmələri sərhəddə və rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraitinə daim nəzarət edib.
“Azərbaycan ordusu həmişə olduğu kimi ayıq-sayıqlığını qoruyur. Bir neçə gün əvvəl ordu rəhbərliyi ilə keçirilən müşavirədə də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarını çatdıraraq əmrləri və göstərişləri vermiş, atəşkəsin tez-tez pozulması, ola biləcək təxribatlar və onlarınn qarşısını almaq üçün lazimi tədbirlərin görülməsi, ayıq-sayıqlığın artırılması, döyüş qabiliyyətinin və döyüş hazırlığının yüksəlməsi və digər təminatla bağlı tapşırıqlar qoyulmuşdur. Bu təxribat da Azərbaycan ordusu üçün gözlənilməz deyildi. Biz daim müşahidə aparırıq və nəzarət edərək hər hansı bir dəyişikliyə öz lazım olan əlavə tədbirlərimizi görürük.
Bunun nəticəsidir ki, Azərbaycan ordusunun bölmələri erməni diversiya qruplarının fəaliyyətini aşkar edir, qarşısını alır, atəş nöqtələrinə və atəş mövqelərinə adekvat cavab atəşi açaraq susdurmağa nail olur. Erməni tərəfi çoxsaylı həm canlı, həm də texniki itkilərə məruz qalaraq öz təxribatını genişləndirməyə imkan tapmadı. Hazırda nisbi sakitlik və atəşkəs bərqərar olub”,- polkovnik söylədi.
Şair Ramaldanov vurğuladı ki, Ermənistan bu nəticədən dərs çıxarmasa, Azərbaycan ordusu əlavə tədbirlər görəcək:
“Azərbaycan ordusu öz gücünü göstərdi və bir daha düşmənin başını əzərək onları itkilərə məruz qoydu. Erməni tərəfi burada daha çox hərbi yox, siyasi məqsədlərə üz tutublar. Bir məqsəd də ondan ibarətdir ki, Rusiya Ermənistan-Azərbaycan sərhədini nəzarətə alsın və müəyyən şəkildə Minsk qrupunun yenidən fəaliyyətini bərpa etsin.
Adekvat cavab tədbirlərinə baxmayaraq, təəssüf ki, Azərbaycan da itkilər verib, şəhidlərimiz var. Düşünürəm ki, belə olduğu halda ordumuzun gələcək təxribatların qarşısını almaq üçün əlavə tədbirlər görməsi istisna olunmur”.
Nərmin VÜQARQIZI