Polkovnik sərhəddəki döyüşlərdən danışdı: "Bu məsələni bitirmək lazımdır"

 15:54 15.09.2022     2166

“Azərbaycan ordusu qarşısında qoyulan tapşırığı yerinə yetirir. Bu, bir daha göstərdi ki, ordumuzun qarşısında kim olur olsun, - istər Ermənistan, istər Ermənistana havadarlıq edənlər olsun - heç bir söz sahibi ola bilməzlər və söz sahibi deyillər. Söz sahibi Azərbaycan ordusunun motivasiyası, ərazimizlə bağlı olan hazırlığı, təlimlərdə əldə etdiyi bilik və bacarıqlarıdır. Bu, düşmənlə üz-üzə, qarşı-qarşıya lokal xarakter daşıyan döyüş əməliyyatıdır və bu döyüş də mümkünsüzdür ki, itkisiz olsun. Ona görə şəhidlərimizə Allahdan rəhmət, qazilərə, yaralalanlara şəfa diləyirəm.”

Bu sözləri Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov son günlər Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi təxribatı şərh edərkən deyib:

“Biz ona nail olduq ki, bir daha beynəlxalq qurumların edə bilmədiyini Azərbaycan əsgəri, ordusu etdi. Bu günləri bütün dünyanın gözü bu bölgədədir. Azərbaycan bir daha Ermənistana sübut etdi ki, Ermənistan ağlını başına yığmalı, təxribatlardan əl çəkməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan ordusu Ermənistana havadarlıq edən Rusiyaya, Fransaya, Amerikaya və digər ölkələrə göstərdi ki, siz etməyəcəyiniz təqdirdə biz Ermənistanı sülhə məcbur edəcəyik. Ermənistanın başqa çıxış yolu yoxdur. Onlar iki ildir Moskvada, Bakıda, İrəvanda imzalanmış sənədlərə sayğı göstərmir. 28 il idi ki, Ermənistan BMT-nin qətnamələrini icra etmirdi. Amma onu 44 günə Azərbaycan ordusu icra etdi və göstərdi. İndi də eyni vəziyyətdir. Bu günləri Bakıya çağırış edən bivec BMT baş katibi Antoniu Quterreş guya çox narahatdır. ATƏT, digər dövlətlər özlərinə sual versinlər ki, niyə Azərbaycan ərazisində işğalçı ordunun əsgərləri, yəni Ermənistanın əsgərləri olmalıdır?"

Polkovnikin sözlərinə görə, Ermənistan və ona havadarlıq edən Rusiya Federasiyası iyun ayında söz vermişdi ki, bu məsələni yekunlaşdıracaqlar.

“İyun, iyul, avqust bitdi, sentyabr artıq yarı olub, Ermənistan guya iddialar irəli sürür. Paşinyanın yalanları yenə də öz başına bəla oldu. Bu günləri Ermənistanda olan etiraz aksiyaları Paşinyanın sonunu gətirə bilər. Əslinə qalsa gətirməlidir. Bu məsələni bitirmək, yekunlaşdırmaq lazımdır. Bəzi böyük geosiyasi oyunçular Rusiya Federasiyası, Fransa, Amerika Ermənistanın əleyhinə ekstrementlər həyata keçirirlər. Ona görə də necə ki, dünən qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Ermənistan bu yanlış yoldan geri çəkilməlidir və geri çəkilməyəcəyi təqdirdə Ermənistanın faciələri daha da çoxalacaq və bunu Ermənistan ictimaiyyəti də, rəhbərliyi də, cəmiyyəti də unutmamamalıdır“,- deyə Üzeyir Cəfərov əlavə edib.

Həmidə İbrahimova