Rusiya MN Laçın şəhəri və Ağanus kəndini yenidən nəzarət zonasına saldı XƏRİTƏLƏR

 12:18 18.09.2022     746

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin dünən - 17 sentyabr 2022-ci ilə aid dislokasiya xəritəsində avqustun 26-da rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhəri yenidən Rusiya hərbçilərinin məsuliyyət və nəzarət zonasına daxil edilib.

 

Redaktor.az-ın məlumatına görə, "moderator.az"ın araşdırmasından bəlli olur ki, nəinki artıq avqustun son günlərindən “sülhməramlı”ların bütün postları yığışdırılmış Laçın şəhəri, eyni zamanda köhnə “dəhliz”də olan və artıq Rusiya hərbi kontingentinin məsuliyyət zonasından çıxarılmalı olan Laçın rayonunun Ağanus kəndi də  yenidən bəhs edilən xəritəyə daxil edilib...

Bu azmış kimi, Rusiya hərbçiləri köhnə “dəhliz” ərazisində patrul xidmətini də davam etdirirlər. Və əgər əvvəlki, yəni Laçın şəhəri və Zabux kəndinin Azərbaycana təhvil verilməsindən sonrakı günlərə aid xəritələrdə həmin marşrut Laçın şəhəri və Zabux kəndinin lap yaxınlığından keçirdisə, bu dəfə artıq Laçın şəhərinin ətrafına dolanır. Və üstəlik əvvəl Laçın "dəhliz"indən kənarda Şuşa istiqamətində göstərilən 10-cu post xəritədə məhz Laçın şəhərinə salınıb. Yəni belə çıxır ki, Ermənistanla sərhəddəki körpüdən-  “Sərhəd postu” adlanan  mövqedən  başlayan, Qubadlı-Laçın yolu üzərindəki  “Şivid xarabalıqları”(yaxud aşırımı) deyilən yerdən, Fətəlipəyə və Ağanus kəndləri ərazisindən keçən Rusiya hərbi kontingentinin hərbi polis patrul xidməti Laçın şəhərinə daxil olduqdan sonra geri qayıdır...

Digər günlərin xəritələrindən daha bir neçə fərq var: Belə ki, əvvəlki xəritələrdə 2-ci post daha çox “Şivid aşırımı” məntəqəsinə yaxın ərazidə göstərilirdisə, bu dəfə artıq həmin postun bilavasitə Ağanus kəndi ərazisində, yəni köhnə dəhlizdəki 27-ci postun yerində, özü də həmin kəndin  şimal hissəsində- strateji Dikdaş(yaxud Ağdaş-1784 m) yüksəkliyi yerləşən hissədə, başqa sözlə alternativ Laçın yolunun keçdiyi Şuşanın Kiçik Qaladərəsi kəndi yaxınlığında olduğu bilinir... 

Xatırladaq ki, Rusiya “sülhməramlı” kontingentinin köhnə Laçın “dəhlizi” ilə yeni - alternativ Laçın yolu ətrafındakı əraziləri birləşdirməsi və ərazidə razılaşmalara zidd olaraq patrul xidməti keçirməsi, həmçinin Ağanus kəndinin, eləcə də Dikdaş yüksəkliyinin strateji əhəmiyyəti haqda ötən yazılarımızda ətraflı məlumat vermişik.

Beləliklə, Rusiya MN növbəti dəfə 10 noyabr bəyanat-razılaşmasının müddəalarını pozaraq  yeni – alternativ Laçın yolunun(!) ətrafıyla  paralel köhnə dəhliz ərazisində də fəaliyyətləriini davam etdirir...

Düzdü, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyini rəsmisi bir əndrəbadi anlaşılmaz açıqlama verərək  bildirdi ki, Rusiya “sülhməramlı” kontingenti yeni Laçın “dəhlizi”ndə 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq. Belə çıxır ki, həmin müddətdə, yəni təxminən 7 ay ərzində Laçın şəhəri, eləcə də köhnə “dəhliz”dəki  4 kənd:  Fətəlipəyə, Ağanus, Turşsu(Aşağı Ağanus) və Kəravuz kəndləri Rusiya MN-in nəzarətində qalacaq...

Maraqlıdır, əgər Laçın şəhəri Azərbaycan tərəfinə təhvil verilibsə, nəyə görə Rusiya hərbçiləri bu şəhərimizin ərazisində patrul xidməti keçməli və ona bitişik əraziləri nəzarət zonasına daxil etməlidir?

Görünür, adı  çəkilən əraziləri xüsusən də, Laçın şəhərini inadla nəzarətdə saxlamaqda Rusiya MN-in məqsədi Azərbaycan tərəfinin Laçının abadlaşdırılması və orada hərbi və digər strateji qurumların yerləşdirilməsi zamanı əraziyə hansı yüklərin daşınacağını, hansı əhəmiyyətli qurumun harada yerləşdiriləcəyini və s. mümkün qədər dəqiqliklə öyrənməkdir....

Bəlkə də bu yazımızdan sonra Rusiya tərəfi ən azı bildirəcək ki, Laçın şəhəri texniki səhv ucbatından “sülhməramlı”ların məsuliyyət zonasına daxil edilib...

Ümid edirik ki, müvafiq qurumlar Rusiya MN-lə əlaqəli şəkildə məsələyə aydınlıq gətirib ictimaiyyətə dəqiq məlumat verərək narahatlığa son qoyacaqlar.