“Bu dəfə nəticələr Ermənistan üçün daha ağır olacaq” - Polkovnik
Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan yerli jurnalistlərə müsahibəsində Azərbaycanla sərhəddə yeni hərbi təxribatlara başlayacaqlarının anonsunu verib. O deyib ki, “Ali Baş Komandan tərəfindən əraziləri geri almaq üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur”.
Mövzu ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Ermənistan müharibəyə başladığı təqdirdə bu dəfə olan qalan ordusunu, şəxsi heyətini də itirəcək.
“Bu Ermənistanın seçimidir. Hücuma hazırlaşmır, lap müharibəyə hazırlaşsın nə problem var ki? Azərbaycanın qorxub çəkinəcəyi bir şey yoxdur ki, Ermənistandan ehtiyat etsin. İndi bunlar guya aktiv şəkildə Azərbaycanla müharibəyə başlayır, Hindistandan silah alırlar, Amerika nəyəsə söz verir... Bəs Paşinyan yaxın günlərdə sülh müqaviləsini imzalamağa hazırlaşırdı? Nə istəyirlər, etsinlər. Bizim üçün nə qədər çətin də olsa, Azərbaycan Ordusunun Silahlı qüvvələri hazır vəziyyətdədir”.
Ekspert vurğuladı ki, Ermənistan Azərbaycanın yüksəkliklərdən geri çəkilməsi üçün blef edir:
“Oktyabrın 6-da Praqada Paşinyanın guya orada sənədlə peyda olması, digər məsələləri gündəmə gətirməsi elan edildi. İndi də blef edirlər ki, Azərbaycan sentyabrın 12-dən 13-nə keçən gecə erməni təxribatlarının qarşısını alanda irəliləyərək tutduğu yüksəkliklərdən, ərazilərdən geri çəkilsin. Belə bir şey yoxdur, ola da bilməz. Niyə də olsun ki? Ermənistan indiyə kimi Azərbaycanın dövlət sərhədlərini tanımayıb, hər hansı bir mehriban qonşuluq əlaqəsi ilə bağlı fikir səsləndirməyib, ancaq bir söz deyib başqa hərəkət edib. Azərbaycan üçün hər hansı bir çətinlik yoxdur.
Ermənistan unutmamalıdır ki, bu dəfə alacağı zərbələr çox sarsıdıcı olacaq. Paşinyan bunu çox yaxşı bilir. Görünür Nensi Pelosinin Ermənistana səfəri zamanı Paşinyana verdiyi Baydenin məktub onu cəsarətləndirib. Başqa məsələlər də var, amma biz belə şeylərə görə narahat olmamalıyıq. Güclü ordumuz var. Müharibə olacağı təqdirdə şəhidimiz də, yaralımız da, itkimiz də olacaq. Biz buna hazır olmalıyıq və bilməliyik ki, bu başqa dövlətlərin əlində alət olan Ermənistandır və onlardan hər cür naxələfliyi gözləmək olar. Bu nə birinci dəfədir, nə də sonuncu. Bu səfər nəticələr Ermənistan üçün daha ağır olacaq”.
Nərmin VÜQARQIZI












