Hərbi ekspertdən ordumuzla bağlı vacib TƏKLİF
Bu gün sosial mediada döyüş əməliyyatlarından müxtəlif görüntülərin yayılması, əsgərlərin canlı yayımlar açması hadisələri ilə tez-tez rastlaşırıq.
Bəs, bütün bu xoşagəlməz hallar nədən qaynaqlanır? Bunun qarşısını almaq üçün vaxtilə bölüklərdə ləğv edilmiş tərbiyəvi işlər üzrə komandir müavini (“zampolit”) ştatının bərpasına ehtiyac varmı?
Məsələ ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, şəxsi heyətlə, indiki kontingentlə işləmək üçün mütləq mənada zabitlər lazımdır.
“Mən özüm döyüşlər vaxtı briqada komandirinin şəxsi heyəti üzrə müavini olmuşam. Həm tərbiyəvi işlər üzrə komandir müavini, həm də psixoloq vəzifələri olsa da, bu gün təəssüflər olsun ki, bu məsələlər öz həllini tapmayıb. Bu gün orduda baş verən hadisələr də məhz həmin kateqoriyadan olan şəxslərin ştatlarının gah bərpa olunması, gah ləğv olunması, gah da “NATO standartları ilə ordu qururuq” adı ilə müxtəlif ştat dəyişikliklərinin nəticəsidir.
Əgər biz ordumuzu NATO standartları ilə qururuqsa, NATO standartları çərçivəsində orduya həm məvacib verməliyik, həm də o ordunu o formada qurmalıyıq. Sözdə NATO ordusu olmur. O gün generalımız çıxıb deyir ki, "tam şəkildə NATO sisteminə keçmişik", amma heç özü düz-əməlli vəzifədə olmayıb. Niyə durub bütün ordu adından danışır? Kifayət qədər ciddi problemlər var. Bunları həll etmək mətbuatın və ya ictimaiyyətin yox, yerlərdə olan şəxslərin borcudur. Ona görə təklif edirəm ki, bu məsələ ilə ciddi məşğul olunsun, sözdə yox. Bir generalı çıxarıblar, danışır ki, hər şey əladır. Amma sözlə, halva, halva deməklə ağız şirin olmur”.
Ekspert dedi ki, əsgərlərin mənəvi-psixoloji hazırlanmasında tərbiyəvi işlər üzrə komandir müavini ştatı mütləq olmalıdır:
“Şəxsi heyətlə işləmək üçün zabit olmalıdır. Komandir, psixoloq öz işləri ilə, tərbiyəvi işlər üzrə komandir müavini də şəxsi heyətlə məşğul olur. İllər keçəcək, cəmiyyətdə, təhsildə, gənclərdə xeyli dəyişiklik olandan sonra o vəzifələri ixtisara salmaq, adını dəyişmək olar. Amma bu gün buna böyük ehtiyacımız var. Tərəfdarıyam ki, orduda sözdə yox, konkret, realda ciddi işlər aparılmalıdır. Əsgərlərin mənəvi-psixoloji hazırlığı, siyasi savadının, hüquqi biliklərinin artırılması məsələləri vacibdir.
Məsələn, 18 yaşında əsgərə gələn gəncin bir sıra pis vərdişləri olur. Bəziləri düşünür ki, əsgərliyə başladı, səhəri gün bu vərdişlərindən əl çəkir. Amma əslində belə deyil. Bu uşaqlarla kim işləməlidir? Komandir deyir ki, mənim yüz dənə dərdim-sərim var, əsgəri hazırlamalıyam, silah tutmalıdı, sıra hazırlığı öyrənməlidir, döyüşə hazır olmalıdır. Bəs bunun o biri, yəni məsələnin əsas tərəfi? Onun mənəvi cəhətdən saf olması, düşdüyü kollektivdə ab-havanı korlamaması və kollektivə uyuşması, adaptasiyası çox vacibdir. Bunların hər biri çox ciddi məsələlərdir. Bu işlərlə məşğul olmaq istəmirlər, olsalar, bu problemlər bu qədər dərinləşməz. Bu problemləri həll etmək iki vur iki qədər bəsitdir”.
Polkovnik onu da vurğuladı ki, bu prosesi yaratmaq elə də çətin deyil.
“Burada sadəcə tənbəllik var. Ən asan idarə olunan ordudur. Manqa, tağım, bölük, tabor, birləşmə komandirləri var. Hərə öz vəzifə borcunu vicdanla yerinə yetirməlidir. Layiqli əmək haqqı və şərait yaratmaq lazımdır ki, problemlər azalsın. Belə olduqda problemlərin bir çoxu öz həllini tapacaq və komandirlər də əsgərlərlə işləyə biləcək”, - deyə Üzeyir Cəfərov bildirdi.
Nərmin VÜQARQIZI












