"Putin nüvə silahından istifadə edərsə, ən çox zərərçəkən dövlət Rusiya olacaq" - Hərbi ekspert

 11:00 13.10.2022     588

NATO nüvə çəkindirməsi üzrə uzun müddət öncə planlaşdırılan təlimlər keçirmək niyyətindədir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin oktyabrın 12-13-də Brüsseldə keçiriləcək görüşü ərəfəsindəki mətbuat konfransında deyib.

Xatırladaq ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. 

Bəs, nüvə silahından istifadə təhlükəsi realdırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bütün bunlar Rusiyanın Ukraynaya təcavüzünün nəticəsidir ki, bu gün dünyada xeyli dərəcədə humanitar sahə yerini hərb sahəsinə buraxmağa məcbur olub.

“Buna görə də bu gün ölkələr hərbi sahəyə daha çox üstünlük verir. Faktdır ki, Rusiya hakimiyyəti zaman-zaman nüvə silahını istifadə etməklə bağlı fikirlər səsləndirir. NATO da bu təhdidləri ciddi saydığı üçün təlimlərin keçirilməsində israrlıdır. Amma unutmaq lazım deyil ki, dünya dövlətləri də kifayət qədər bu məsələdə qətiyyətli və ciddidir. Dünəndən artıq Qərbin nüvə silahını işlədə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Hətta tarixdə ilk dəfə srağagün ABŞ-ın “Northrop B-2 Spirit” bombardmançı təyyarəsi Ukrayna ilə sərhədə - Polşa səmasına qaldırılıb. Polşadan çox yaxın məsafədən Rusiya ərazisini rahatlıqla vurmaq olar. Həmin təyyarədə 16 ədəd nüvə başlıqlı raket var. Bütün bunlardan Rusiya başa düşməlidir ki, onun endirəcəyi bir və ya iki zərbəyə ABŞ, İngiltərə, Kanada, Fransa və digər ölkələr çox ciddi, amansız və sarsıdıcı cavab verə bilərlər”.

Ekspertin sözlərinə görə, Putin nüvə silahından istifadə edərsə, ən çox zərərçəkən dövlət Rusiya olacaq:

“Buna görə düşünürəm ki, bu təlimlərin də məqsədi odur ki, NATO tərəfindən sadəcə məşq həyata keçirilir. Bu, baş verə biləcək təhlükələrin qarşısını almaq üçün NATO tərəfindən atılan addımdır. Düşünürəm ki, Rusiya rəhbərliyi belə bir səhvə yol verməz. Rusiyanın bu addımı atacağı təqdirdə bunun acısını Ukrayna və bəzi Avropa ölkələri çəkəcəyi təqdirdə ən böyük zərbə Rusiyaya dəyəcək. Təlimlər, Polşaya gətirilən hərbi təyyarə Rusiyaya bir siqnaldır ki, artıq diqqətli olsun”.

Polkovnik qeyd etdi ki, nüvə silahlarının təsir etmə radiusu müxtəlifdir:

“Nüvə silahının təsir etmə radiusu onun markasından və çəkisindən asılıdır. Elə başlıq növü var ki, bir şəhəri yerlə-yeksan etməyə kifayət edər. Yaponiyaya - Xerosimaya atılan atom bombasının protilinin ekvivalenti elə hesablanmışdı ki, şəhər yox olsun. Nüvə başlığının növünü və çəkisini bilmədən radius barədə qəti bir söz demək olmaz. Amma ABŞ-ın “Northrop B-2 Spirit” bombardmançı təyyarəsində olan 16 nüvə başlığı kifayət edir ki, Avropada istənilən ölkənin vəziyyətini xoşagəlməz hala gətirilsin”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən