"İranla sərhəddəki təlimdə Hikmət Mirzəyevin adının çəkilməsində müəyyən mesajlar var" - Hərbi ekspert

 16:03 03.11.2022     879

Xəbər verdiyimiz kimi, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Araz çayı boyunca Azərbaycan sərhədində hərbi təlimlər keçirib.

Ötən gün isə cənub sərhədlərinə yaxın ərazilərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələrinin təlimi başlayıb. Təlimlərə XTQ komandanı general-leytenant Hikmət Mirzəyev rəhbərlik edir.

Maraqlıdır, İrandan sonra Azərbaycanın sərhəddə təlimlərə başlaması SEPAH-ın təlimlərinə cavab hesab oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bu təlimlərin bəzi incəlikləri və özəllikləri var.

“Təlimi təqdim edərkən orada xüsusilə bizim 2020-ci ildə qəhrəmanlıq göstərən XTQ-nin komandanı general-leytenant Hikmət Mirzəyevin adının çəkilməsi önəmli nüansdır. Diqqət yetirmisinizsə, əvvəllər təlimlər keçiriləndə fərdlərin adı çəkilmirdi. İndi burada Hikmət Mirzəyevin adının çəkilməsində, məhz bizim XTQ-nin İran sərhədində təlim həyata keçirməsində müəyyən element və mesajlar var. Amma düşünmək olmaz ki, biz İrana əzələ, güc nümayiş etdiririk. Mən elə ritorikadan uzağam”.

Polkovnik qeyd etdi ki, Azərbaycanın İranla baş-başa gələcək ordusu yoxdur.

“O mənada ki, biz onlarla heç vaxt müharibə istəməmişik, çünki İran bizim həm qonşumuzdur, həm də ərazisində 40 milyondan çox Azərbaycan kökənli insanlarımız yaşayır. Ona görə də, bu təlimləri məhz sırf "İrana qarşı təşkil etmişik" demək doğru olmaz.

Normal məntiqlə kiçik bir xüsusi təyinatlı bir dəstə ilə sayı on minlərlə, yüz minlərlə olan ordunun baş-başa gəlməsi mənə elə gəlir ki, bu aydın məsələdir. Bu həm arzu olunan deyil, həm də nəticəsi əvvəlcədən bəlli olan bir addımdır. Azərbaycan sadəcə olaraq göstərir ki, dövlətimiz özünü müdafiə etmək, ordumuzun ərazilərimizi qoruması üçün müəyyən gücə malikdir. Bu anlama gəlir ki, İran heç bir halda Azərbaycan sərhədlərini pozmayacaq. İran bilir ki, Azərbaycan çox dəyişib. Ölkəmiz 1980-90-cı illərin Azərbaycanı deyil və İran öz danışıqlarına, hərəkətlərinə sədd qoymalıdır. Bu nöqteyi-nəzərdən ola bilsin ki, kimlər tərəfindənsə İrana bir mesaj kimi qəbul edilə bilər, amma bütövlükdə götürəndə mən düşünmürəm ki, Azərbaycan İrana əzələ nümayiş etdirir. Yəni biz belə bir ritorikadan həmişə uzaq olmuşuq və uzağıq”,-deyə ekspert vurğuladı.

Nərmin VÜQARQIZI