Türkiyəli psixoloqlar müharibədən əziyyət çəkənlərə yardım edəcək

 17:02 12.11.2022     169

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə psixoloji yardım işi həyata keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bu çərçivədə, türkiyəli psixoloqlarla birgə noyabrın 14-dən etibarən Xaçmaz (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 66a, FHN-in Şimal Regional Mərkəzi) və Cəlilabad (ünvan: Cəlilabad şəhəri, Mehdi Hüseyn 82, Cəlilabad rayon mərkəzi xəstəxanası - həftənin 1-ci və 4-cü günləri) şəhərlərində də müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım işinə başlanılacaq. Ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Qeyd edək ki, psixoloji yardım işi Xaçmaz və Cəlilabad şəhərləri ilə yanaşı, Bakı, Gəncə və Bərdə şəhərlərində də davam etdirilir.