"Ermənilər istəyirlər ki, Azərbaycan tərəfi atəş açsın, rus əsgərləri ölsün" - Polkovnikdən AÇIQLAMA
Son günlər Azərbaycanın Qarabağ bölgəsində tez-tez atəş səsləri eşidilir. Belə ki, Füzuli, Xocavənd, Xocalı istiqamətindəki mövqelərimizin ardınca, artıq Şuşa şəhəri və Tərtər rayonu istiqamətindəki mövqelərimiz də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulmağa başlayıb.
Maraqlıdır, Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi ərazilərdən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasının səbəbi nədir?
Elə bu sualla hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov ilə əlaqə saxladıq. O, Redaktor.az-a bildirdi ki, ermənilər bu ərazilərdə böyük bir təxribatın baş tutması üçün çalışırlar:
“Səbəbi odur ki, ermənilər böyük bir təxribatın baş verməsini istəyirlər ki, Azərbaycan tərəfi atəş açsın, rus əsgərləri yaralansın, ölsün. Bundan sonra da konflikti başqa məcraya yönəltsinlər. Deyə bilsinlər ki, Azərbaycan Rusiya sülhməramlılarına qarşı təxribat həyata keçirir. Burada yeganə məqsəd sülhməramlıların bundan sonra da orada qalma müddətini artırmaq üçün edilən cəhdlərdir. Başqa nə ola bilər ki?"
Ekspert hesab edir ki, Rusiya sülhməramlıları Qarabağdakı separatçıların atəşkəsi pozmasına bilərəkdən göz yumur.
"Açığı mən çox istəyirəm ki, oradakı rus sülhməramlılarından bir neçəsi həyatını itirsin və ya yaralansın. Bəlkə ondan sonra Rusiya ayılar. Amma Rusiya ayılmaq istəmir. Onlar marağındadır ki, həmin ərazidə problem dərinləşsin və genişlənsin. Bir az qəribə səslənir, amma arzum budur ki, Rusiya sülhməramlılarından bir neçəsi erməni təxribatı nəticəsində həyatını itirsin, bəlkə onda ordu ayılar. Ondan sonra ruslar başa düşərlər ki, onlar həmin ərazilərdən çoxdan çıxmalı idi. Amma indi istəkləri başqadır. Təxribata əl ataraq Azərbaycanda qalma müddətlərini artırmaq istəyirlər. Guya bundan sonra problem həll edəcəklər? Elə problemin ən böyüyü özlərinin etdiyi yekəxana və əxlaqsız hərəkətlərdir. Əlbəttə ki, burada görməmək mümkün deyil ki, bunlar Rusiya tərəfindən bilərəkdən və məqsədyönlü şəkildə edilir”, - deyə polkovnik qeyd etdi.
Nərmin VÜQARQIZI












