"Rusiya sülhməramlıları bölgədə üzərinə düşən vəzifələri yerinə yetirmirlər" - Deputat

 17:38 23.11.2022     796

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən ordumuzun mövqelərinin atəşə tutulmasının bir neçə səbəbi var. Bu həm daxili, həm də xarici faktorlardan asılıdır. Bilirsiniz ki, bu gün Azərbaycan açıq şəkildə bildirir ki, bizim üçün keçmiş münaqişə bitib. Yəni artıq müharibə bitib və biz sülh danışıqlarını aparmalıyıq”.

Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov dedi. Onun sözlərinə görə, Ermənistan tərəfi atəşkəsi pozmaqla bir neçə məqsəd qarşısına qoyub.

“Birincisi, açıq şəkildə mesaj vermək istəyirlər ki, müharibə bitməyib, davam edir və Ermənistan sülh prosesinə başlamayacaq. İkincisi, onlar atəşkəsi pozaraq xarici mediaya, beynəlxalq qurumlara Azərbaycanın atəşkəsi pozması kimi təqdim etmələridir. Buna Ermənistan əvvəldən hazırlaşır, atəşkəsi pozur. Əllərindəki hazır tezisləri, sənədləri ayrı-ayrı beynəlxalq qurumlara göndərirlər ki, guya Azərbaycan bu addımı atıb. Üçüncü isə bir sıra dövlətlərin burada maraqlı olmasıdır. Rusiya sülhməramlıları bölgədə üzərinə düşən vəzifələri yerinə yetirmirlər. Ermənilər də bundan istifadə edirlər. Təbii ki, bu, qəbul edilən deyil. Azərbaycan bu məsələni davamlı olaraq müxtəlif platformalarda müzakirəyə çıxarır və biz inanırıq ki, beynəlxalq qurumlar da bu məsələyə öz münasibətlərini bildirəcəklər. Təəssüf ki, Ermənistan 44 günlük müharibədən nəticə çıxartmadı və bu gün də hazırlıqlarını davam etdirir" -  deyən deputat hesab edir ki, bu cür məsələlərdən əziyyət çəkən elə Ermənistanın özü olacaq.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən