Həmin hədəflər legitim hədəflərdir, vurulmalıdır... - Polkovnikdən AÇIQLAMA

 11:51 29.11.2022     1594

Son həftələrdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri tez-tez atəşə məruz qalır. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlı kontingentlə bağlı məlumatlarda Azərbaycan ərazisindəki yaşayış məntəqlərinin adının erməni adları ilə ifadə edilir ki, bu da Azərbaycan tərəfinin haqlı etirazına səbəb olub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi son günlərdə bir neçə dəfə Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırış edib.

Hərbi ekspert, polkovnik Şair Ramaldanov mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşüb. O, qeyd etdi ki, Azərbaycanın qələbəsi ilə bitən İkinci Qarabağ savaşının sonu olaraq ortada doqquz bənddən ibarət üçtərəfli bəyanat var.

"O bəyannamənin bəndləri yerinə yetirilsəydi, hal-hazırda bizim nə cəmiyyətimiz tərəfindən bununla bağlı narahatçılığa səbəb olmayacaq idi. O bəndlərin yerinə yetirilməsi Cənubi Qafqazda sülhün bundan sonra davamlı olacağının zəmanəti olacaq idi. Ancaq təəssüflər olsun ki, yenə də Ermənistanın və Ermənistanın havadarlarının, o cümlədən Rusiyanın da mövqeyi sülh müqaviləsinin imzalanmasını gecikdirir. Ərazi bütövlüyümüzü bərpa edəndən, işğalçı qüvvələri darmadağın edəndən iki il keçməsinə baxmayaraq, separatçı rejimin hələ də torpaqlarımızda fəaliyyət göstərməsinin səbəbi məhz üçtərəfli bəyanata qol çəkən tərəf kimi Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda yerləşməsidir. Rusiya sülhməramlı qüvvələri niyə orada yerləşdirilib və hansı fəaliyyət göstərməlidir? Bu suala cavab axtarsaq, onların bu günkü fəaliyyətini demək olar ki, o mandatdan qırağa çıxan fəaliyyət kimi qiymətləndirmək olar. Yəni üçtərəfli bəyanatın dördüncü bəndi dərhal yerinə yetirməli idi. Qanunsuz silahlı bölmələr, qanunsuz silah daşıyanlar zərərsizləşdirilməli idi. Hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni silahlı dəstələrinin olması və onların atəşkəsi pozması bizi narahat etməyə bilməz".

Polkovnikin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda olması sadəcə sülhün bərqərar edilməsinə və beş il ərzində Azərbaycanla orada yaşayan ermənilərin müəyyən bir şəkildə xalq diplomatiyası vasitəsilə inteqrasiyaya gətirib çıxamasına səbəb olmalı idi.

“Ancaq reallıqda biz bunun əksini görürük. Bu gün Rusiya sülhməramlı qüvvələri həm orada olan separatçı rejimin, qanunsuz hərbi birləşləmələrin təhlükəsizliyi təmin edir, həm də Azərbaycan vətəndaşı saydığımız ermənilərin kompakt yaşadığı ərazidə Azərbaycan tərəfindən təhlükə olacağı barədə insanları qorxu altında saxlayır. Biz sülhməramlıların orada dostluq münasibətləri yox, daha çox etibarsızlıq, inamsızlıq toxumunu səpərək belə bir fəaliyyətlə məşğul olduğunu şahidi oluruq. Biz həm Sarıbaba, həm Laçında yeni mövqelərin qurulmasını müşahidə edirik. Əlbəttə bu mövqelərdə mina sahələrinin yerləşdirilməsi də bizim gözümüzdən qaçmır. Digər tərəfdən sülhməramlı qüvvələrin yaratdığı şərait nəticəsində Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə döyüş texnikasının yeridilməsi ilə bağlı məlumatlar da var. Əlbəttə bunların hamısı Azərbaycan maraqlarına zidd olan məsələlərdir. Azərbaycan dövləti də bununla bağlı sərt mövqeyini  bildirib" - deyə Ramaldanov bildirib.

Hərbi ekspertin fikrincə, atəşkəsin mütəmadi olaraq pozulmasını Azərbaycanın səbri ilə oynaması kimi qiymətləndirmək olar:

"Vəziyyət o qədər yaxşı deyil, ürəkaçan deyil. Əgər bu gün həm Avropa, həm ABŞ, həm də Rusiyanın maraqlarının burada toqquşmasını nəzərə alsaq, görərik ki, yenə də bu münaqişənin müəyyən bir şəkildə alovlandırılmasında, stabilliyin pozulmasında maraqlı olan oyunçular peyda olunub. Belə olduğu halda, əgər Azərbaycan hansı əməliyyatı aparsa, bu istiqamətdə və ərazidə Rusiya sülhməramlı qüvvələri ilə üz-üzə gəlməli olacaq. Bu gün ermənilərin arzuladığı odur ki, Azərbaycan və Rusiya bu münaqişədə üz-üzə gəlsinlər. Bu fonda da münasibətlərin pozulmasına şərait yaradılsın. Və belə olduğu halda Ermənistan revanşist ideyalarına köklənmiş hədəflərinə doğru müəyyən bir addımlar atsın”.

Şair Ramaldanov bildirdi ki, Azərbaycan tərəfi məsələni nə qədər ciddi qoysa da, nə Ermənistan, nə də Rusiya düzgün qiymətləndirmir. Polkovnik hesab edir ki, zaman bizim xeyrimizə işləmir.

"Çünki dördüncü bənd yerinə yetirilməlidir. Nəyin bahasına olursa-olsun biz bunun üzərində çalışmalıyıq. Digər tərəfdən, Azərbaycanın əlində hüquqi sənəd var. O sənəd əsasında dördüncü bənd var. Dördüncü bənddə qanunsuz erməni silahlı birlşəmələrinin tərksilah edilməsi ilə bağlı məsələ qeyd olunub. Təbii ki, Dağlıq Qarabağ bütün dünya tərəfindən, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanınır və Rusiya özü də Azərbaycanın ərazisi kimi  tanıyır. Belə olduğu halda Azərbaycana tabe olmayan hər hansı bir silahlı qurum və bölmə qanunsuz sayılır. Beynəlxalq hüquqda qanunsuz silah daşıyan insanlara terrorçu adı verilir. Bunlar hamısı bu gün beynəlxalq normalar çərçivəsində Azərbaycan dövləti ərazisində icazəsiz silah daşıyan terrorçu kimi qəbul edilməlidir. Mən düşünürəm ki, Azərbaycan tərəfi məcbur olacaq və belə olduğu halda öz xəbərdarlığın edəcək və müəyyən bir vaxt qoyulacaq. Biz bilirik ki, Rusiyanın sülhməramlı qüvvələri 26 postda fəaliyyət göstərir. Qalan ərazilərdə isə qanunsuz erməni silahlıları yerləşərək terrorçuluq fəaliyyəti ilə məşğuldurlar. Əgər bu gün biz nəzərə alsaq ki, Rusiyanın sülhməramlı qüvvələrinin peşəkar heyəti Ukraynaya göndərilib və onların yerlərində də bəzi məlumatlara görə məhz separatçı erməni silahlı birləşmələri, o cümlədən də Ermənistandan gətirilən müəyyən bir qüvvələr tamamlayır, belə olduğu halda Azərbaycan ərazisindəki həmin hərbi obyektlər hədəfə çevirilir. Mən düşünürəm ki, həmin hədəflər legitim hədəflərdir. Bu gün müasir silaha malik olan Azərbaycan dəqiq atəş ataraq, zərgər dəqiqliyi ilə həmin hədəfləri məhv etməyə malikdir. Biz bunu "Qisas" əməliyyatında da gördük", - deyə hərbi ekspert xatırlatdı.

Həmidə İbrahimova