“Onlar Xocalıda soyqırım törədən 366-cı motoatıcı alayın davamçılarıdır" - Deputat

 14:55 28.11.2022     717

Son 2 həftədir, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Füzuli, Xocavənd, Xocalı, Şuşa, Ağdam və Tərtər rayonu istiqamətində mövqelərimiz qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulur.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların fəaliyyəti ilə bağlı yaydığı məlumatlarda Azərbaycana məxsus toponimlərin adını yanlış yazır. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya iki dəfə xəbərdarlıq edib. Bildirilib ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir.

“Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə və Xocavənddir”, - deyə məlumatda qeyd olunub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, onlar sülhməramlı deyil, Rusiya Federasiyasına məxsus olan məhdud saylı hərbi kontingentdir və xoşməramlı da deyillər.

“Onlar Xocalıda soyqırım törədən, ərazilərimizi işğal edib ermənilərə verən 366-cı motoatıcı alayın davamçılarıdır, 367-ci alay kimi gəliblər. Gəldikləri gündən də separatçılarla, terrorçularla, qeyri-qanuni erməni silahlı birləşmələri ilə əməkdaşlıq edirlər. Təkcə əməkdaşlıq etmirlər, onları silahlandırırlar, təlim keçirlər və müharibəyə hazırlayırlar. Hərbi kontingent ərazimizdə hansı qanlar tökəcək, hansı oyunlardan çıxacaq bu gözləniləndir. Belə hallar istisna deyil. Bunların gəlişində məqsəd bu bölgədə münaqişənin sönməməsi üçün çalışmaqdır. Onlar əllərindən gələni daim edirlər və edəcəklər ki, bölgədə gərginlik olsun, atəşkəs pozulsun. Çünki Rusiya burada mövcudluğunu qoruyub saxlasın. Yəni nə qədər ki, orada erməni separatçı hərbi birləşmələr, cinayətkarlar var, bunlar da onlar qədər Azərbaycana qarşı cinayət törədirlər. Hesab edirəm ki, onların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Bunlar Azərbaycanın dedikləri ilə razılaşmır, oturub-durmur. Sovet dövründən olan xəritələrlə, orada olan adlarla hərəkət edirlər. Gəldikləri gündən hərbi canilərlə, separatçılarla əməkdaşlıq edirlər. Yəni adama deyirlər ki, dostunu, yoldaşını mənə göstər, deyim kimsən. Sən cinayətkar, separatçı, terrorçu ilə əməkdaşlıq edirsənsə, özün də cinayətkar, separatçı, terrorçu, hərbi canisən. Mən bunlara belə qiymət verirəm”, - deyə deputat vurğuladı.

Nərmin VÜQARQIZI