"İrana belə bir cavab vermək lazım idi" - Deputat sərhəddəki Azərbaycan-Türkiyə hərbi təlimindən DANIŞDI

 17:58 05.12.2022     440

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hazırda ölkəmizdə Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimi keçirilir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Bəs, iki qardaş ölkə hərbçilərinin İranla sərhədə təlimi nədən xəbər verir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan və Türkiyənin İran sərhədində keçirdiyi təlimlər hər şeydən öncə iki qardaş ölkənin birlikdə fəaliyyətini və öz təhlükəsizliklərini birlikdə qorumağın nümayiş etdirilməsidir.

“Eyni zamanda bu təlimlər Azərbaycana qarşı güc nümayiş etdirən İran molla rejiminə verilən yaxşı cavabdır. Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imlamış və beləliklə, böyük dövlət xadimi Heydər Əliyevin bir millət, iki dövlət fəlsəfəsini hərbi-siyasi ittifaqa çevirmiş dövlətlərdir. Eyni zamanda, Azərbaycan yeniləyici əsrin müharibə standartlarını yaratmış bir ölkədir. Ona görə də, vaxtaşırı, yeri gəldi-gəlmədi bizə güc nümayiş etdirən İrana belə bir cavab vermək lazım idi. Azərbaycan Prezidenti ADA universitetində keçirilən beynəlxalq konfransda demişdi ki, Türkiyənin ordusu bizim, bizim ordumuz isə Türkiyənin ordusudur. İndi həyata keçirilən təlimlərdə qardaş ölkənin müdafiə nazirinin şəxsən iştirak etməsi, Azərbaycana gəlməsi, iki dövlət bir ordu olmanın göstəricisidir. Nəzərə almaq lazımdır ki, birgə hərbi təlimlərin miqyası Astaradan İmişliyə qədər geniş bir coğrafiyanı əhatə edir. Bu bir daha Azərbaycanın gücünün göstəricisidir. Təkcə region ölkələrə deyil, eyni zamanda bütün dünyaya verilən mesajdır ki, iki qardaş ölkə öz təhlükəsizliyini birlikdə təmin etməyə qadirdir”, - deyə deputat vurğuladı.

Nərmin VÜQARQIZI