"Qardaş Türkiyə ilə birgə hərbi təlim bölgədə Azərbaycanı təhdid edənlərə qarşıdır" - Zahid Oruc

 16:34 06.12.2022     567

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hazırda ölkəmizdə Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçirilir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Maraqlıdır, iki ölkənin İranla sərhəddə keçirdiyi “Qardaş Yumruğu” təliminin əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc dedi ki, Azərbaycan Vətən müharibəsində qələbədən sonra regionda sülh quruculuğu prosesini yalnız ölkəmiz üçün deyil, bütövlükdə Qafqazda iki dövlət olaraq Türkiyə və Azərbaycanın barış istiqamətində addımlarını görürük.

“Burada prinsipial hədəf ondan ibarətdir ki, 1990-cı illərdən bölgəni inkişafdan saxlayan və qarşılıqlı olaraq düşmənçiliyi sitimullaşdıran xətt aradan qalxsın, kommunikasiya çalışsın, ticarət həyata keçsin, böyük ərazilər üzrə layihələr işlənsin və iqtisadiyyat öz-özlüyündə fərqli bir mühit yaradır ki, yaxşı bir münasibətlər sistemi formalaşsın. Axı Qafqazlar həmişə savaş meydanı olmalı deyil. Burada müharibə mədəniyyətini nə vaxt əldən kənara qoyub barış, birlik, Qafqaz Konfederasiyası işləyəcək? Axı Avropa haqları 8 əsr savaşandan, 100 milyonlarla insanı məhv edəndən sonra ən sonda Avropa Birliyini qurdular. Ancaq təəssüflər olsun ki, bizim iradəmizə, ölkəmizin qələbəsinə qarşı hücumlar davam etdi. İran içərisində həm parlament, həm silahlı qüvvələr, media məkanı və ələlxüsus da Ermənistan ilə münasibətlərin o dərəcə sıxlaşdırdılar ki, hərdən adam o sərhədi itirirdi ki, İran xarici işlər naziri nə vaxt İrəvanda, nə vaxt İrandadır. Bu qədər intensiv baş verirdi. Kiçik bir statistika çıxartsaq, dediklərimizə bir daha əmin olarsınız. Bunların hamısının kontekstində anti-Azərbaycan siyasəti idi. Yoxsa iki ölkə arasındakı münasibətlərə Azərbaycan heç vaxt etiraz etməzdi. Ardınca bir ayın içərisində iki dəfə hərbi təlimlərin keçirilməsi - topları, lülələri bizə qarşı çevirməsi fonunda Bakını ələ götürmək simulyasiyalarının nə demək olduğunu yaxşı başa düşürük. Xalq olaraq qələbəmizin hələ yenicə 2-ci ilini yaşayırıq”, - deyə millət vəkili vurğuladı.

Deputat Xankəndiyə keçən bir qrup iranlı şəxs barədə mediada yayılan məlumata da öz fikrini bildirdi:

“İnformasiya vasitələrində yayılan son məlumatlardan da göründüyü kimi hətta Xankəndiyə müxtəlif adlarla keçən qüvvələri də gördük. Belə şəraitdə Azərbaycan Prezidenti öz strateji xəttinə bölgədə daim sabitləşdirici, birləşdirici güc mərkəzi olmaqla yanaşı orta koridor strategiyasını həyata keçirməklə bərabər, lakin eyni zamanda əsla unutmaq olmaz ki, hər hansı bir dövlətin müəyyən siyasi dairələrin təhdidləri baş verirsə və xalqın önündə gedənlər geri çəkilirsə, bu əlavə qorxular yaradır. Bu, çox təhlükəlidir. Çünki millət hiss edəndə ki, üstünə gələn qüvvədən narahatsan, bu, insanlarda sabaha inamı sarsıdır. Düşünürəm ki, Xüsusi Təyinatlı Qüvvələrimizin məhz o ərazilərdə təlimləri bir mesaj olaraq bölgədə Azərbaycanı təhdid edənlərə qarşı idi. İndi isə artıq qardaş Türkiyə ilə daha iri miqyaslı addımlar atılmaqdadır”, - o qeyd etdi.

Komitə sədrinin sözlərinə görə, iki qardaş ölkə arasında hərbi təlim keçirilməsinin bir sıra əsasları var:

“Bunun çox təbii əsasları var. Bir tərəfdən bizi regionun şiə çoxluğu üzərindən dini təcrid, etiqad əsasında özünü coğrafiyaçı kimi görən, siyasi təsir dairəsində hiss edən və yaxud da dini ixracın hədəfi olaraq görənlərə prezident ADA konfransında ən yüksək səviyyədə cavab verdi. Sekulyarlıq bizim sərvətimizdir. Lakin o yalnız bizim coğrafiya ilə məhdudlanıb qalmır. Bütün dünya azərbaycanlıları üçün dil ən başlıca sərvət, atributdur. Ancaq bu yalnız məişət səviyyəsində qalmamalı, təhsil, siyasət, hüquq, yazışmalar səviyyəsinə yüksəlməlidir. Hər bir xalq bunu haqq edir. Qərb dövlətlərində olan ən kiçik etnik zümrələrin haqlarına dair onlarla, hətta yüzlərlə qanunvericilik aktı, dövlətin çıxardığı qərarlar görmək mümkündür. Bu necə ola bilər ki, 30 milyonun üzərində olan əhalinin minimal insan haqları təmin olunmasın? Bu əsla bir ölkənin daxili işləri sayıla bilməz. Biz, əlbəttə ki, regionda hərbi gərginliyi artıran addımların əleyhinəyik. Ona görə də, burada ATƏT-in Müşahidə Missiyasını da, Avropa Birliyinin 40 nəfərlik taborunu da qəbul etməmişik. Azərbaycan Prezidenti Praqa görüşündə məsələyə qarşı özünün ciddi etirazını bildirdiyi üçün məsələ təktərəfli qaydada həyata keçirildi. Əks halda onlar Kəlbəcər hissəsində, Göyçə dağlarından keçib guya bu tərəfdən də müşahidə aparırlar. Əslində isə hamısı kəşfiyyat rütbəli şəxslərdir. Bizim üçün hansısa əraziyə, paytaxta hücum etmək planını işləmədən bölgənin təhlükəsizliyi üçün Türkiyə Azərbaycanın yanındadır”, - deyə Zahid Oruc əlavə etdi.

Parlamentarinin fikrincə, İran sərhədi boyunca keçirilən “Qardaş yumruğu” təlimi əvvəlki əməliyyatların davamıdır:

“Bu gün Azərbaycan hansısa bir dövlətlə hərbi alyansda birləşərək üçüncü, beşinci və sair məkanlara, coğrafiyalara təhdid yaratmır. Biz Balkanlar zamanında Kosovo məsələsində, yaxud Əfqanıstanda dünyanın təhlükəsizliyinə əsgərlərimiz ilə töhfə vermişik. Bu gün də əslində Qarabağ savaşının millətimizin oğulları, xalqımızın gücü və Ali Baş Komandanımızın iradəsi nəticəsində həll etməklə dünyanın təhlükəsizliyinə müsbət təsir etmişik. Çünki ədalət istəyən xalqlar bizim qələbəmizi özlərinə nümunə kimi seçə bilərlər. Biz təhlükəsizlik sistemimizin son zamanlarda göstərdikləri fəaliyyəti ayrıca qiymətləndirməliyik. Güc strukturları, xəfiyyə orqanlarımız peşəkarlıq nümayiş etdirirlər.

Keçirilən bu əməliyyatları bir öncəkinin davamı hesab edirəm. Azərbaycan və Türkiyə hərbi ittifaqdadırlar. Biz əslində vahid ordu modelindəyik. Türkiyə NATO-da, regionda və dünyada balanslaşdırıcı gücdür. Bu tədbiri regional təhlükəsizliyin təminatı üçün çox mühüm addımlar və özündə vacib mesajlar daşıyan əməliyyatlar hesab edirəm”.

Nərmin VÜQARQIZI