Hərbi ekspert "Qardaş yumruğu" təliminin məqsədini AÇIQLADI

 16:45 06.12.2022     414

“Bu təlimlər 2022-ci il üçün Azərbaycan və Türkiyə arasında birgə təlimlərin sonuncularından biridir. Gələn il üçün bir neçə birgə təlimlər planlaşdırılır. Bu məsələlər Zakir Həsənov və Hulusi Akar arasında həm Azərbaycanda, həm də Türkiyədə müzakirə olunub”.

Bu barədə Redaktor.az-a İranla sərhəd – Astara, Cəbrayıl və İmişli rayonlarında Azərbaycan və Türkiyənin "Qardaş yumruğu" adı altında birgə təlimlər keçirməsinə münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov dedi. Onun sözlərinə görə, cənub sərhədində keçirilən bu təlim daha öncə keçirilən əməliyyatlardan bir qədər fərqlidir:

“Bu təlimlərə "Qardaş yumruğu" şərti adı verilib. Nazirlər də bütün heyətlə bu təlimlərdə müşahidəçi qismində iştirak edirlər. Və qoşunların fəaliyyətinə qiymət verirlər. Bilirsiniz ki, bu gün artıq yüksək qonaqlar olan bir mərhələdir. Yəni artıq təlim yekunlaşıb və müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı texnika, aviasiya cəlb olunub. Onların fəaliyyətinə qiymət verilir. Bu təlim digərlərindən onunla fərqlənir ki, təkcə Bakı və paytaxt ətrafında ənənəvi, bildiyimiz poliqonlarda deyil, İranla sərhəddə Astara, Cəbrayıl və İmişli rayonlarının da ərazilərini əhatə etdi. Ona görə, bəziləri düşünürlər ki, biz İrana hədə-qorxu gəlirik. Bu, əsla belə deyil. Bu, birgə təlimdir, əsas da qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləridir. Bütün bunlar təcrübədir. Ermənilər, iranlılar öz prizmalarından qiymət verirlər. "Qardaş yumruğu" təlimi iki dövlət əleyhinə olan qüvvələrə qarşı birgə hazırlığı, döyüş təcrübəsidir”.

Nərmin VÜQARQIZI