"Vətən müharibəsində haqqı çatmadığı halda bəzi şəxslərə medallar verilib" - Deputat
Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında ölkəmizdə medalların verilməsi ilə bağlı neqativ hallardan danışıb.
Redaktor.az-ın məlumatına görə, millət vəkili bildirib ki, təsis edilən medalların verilməsi zamanı problemlər üzə çıxır.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra bir çox medal təsis edilib, ancaq onların paylanmasında problemlər yaranıb:
“Sosial şəbəkələrdə də aparılan müzakirələr göstərir ki, 44 günlük Vətən müharibəsində haqqı çatmadığı halda kimlərinsə təqdimatı ilə bəzi şəxslərə medallar verilib. Kimlərsə orden və medal ala bilib, haqqı çatanların bəzisi isə yox”.
Fazil Mustafa dövlət qurumlar rəhbərlərinin medal təqdimatında subyektiv yanaşmalara yol verdiklərini deyib.
“Qurumların rəhbərliyində olan şəxslər ürəyi kimi istəyir, yazır, təqdimat verir. Zəhməti olan, əziyyəti olan şəxslər kənarda qalır. Biz bu mexanizmin üzərində düşünməliyik. İnsanlar bilsinlər ki, dövlətə xidmətə görə heç kim yaddan çıxmır. Hamının fəaliyyəti izlənir, hamının fəaliyyətinə dövlət səviyyəsində qiymət verilir. Çünki bir məmurun etdiyi hərəkət dövlətin adına yazılır. İnsan ürəyində qırğınlıq yaşayır ki, dövlət əziyyətini nəzərə almadı. Ona görə də hesab edirəm ki, nəzarət mexanizmi olmalıdır ki, medallar subyektiv mülahizələr əsasında paylanmasın, haqqı çatan insanlara verilsin”, - deyə millət vəkili bildirib.
T.İSMAYIL












