Müdafiə nazirinin mülki şəxs təyin olunmasında problem yoxdur - Deputatdan AÇIQLAMA

 17:28 19.12.2022     1114

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mətbuata verdiyi müsahibəsində Azərbaycanın müdafiə nazirinin mülki şəxs olması və Baş Qərargah rəisinin isə Bəxtiyar Ersayın təyin edilməsi təklifi ilə çıxış edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, müdafiə nazirinin təyinatı məsələsi Ali Baş Komandanın səlahiyyətində olan məsələdir.

Onun sözlərinə görə, müdafiə nazirinin istər mülki, istər hərbçi olması məsələsi elə bir əhəmiyyət kəsb etmir:

“Dünyada məlum məsələdir ki, NATO standartlarına məlum olan böyük dövlətlərdə də məhz müdafiə naziri mülki vətəndaş olub. Elə Rusiya Federasiyasının özündə də bu günkü nazir 6 noyabr 2012-ci ilə qədər müxtəlif vəzifələrdə olub və sonradan müdafiə naziri təyin olunub. Heç o da təmiz hərbiçi deyil. Ona görə də, düşünürəm ki, bu o qədər də böyük əhəmiyyət kəsb etməyən məsələdir. Bu gün həm general-polkovnik Bəxtiyar Ersayın müşavir olması da təqdirəlayiq məsələdir. Eyni zamanda, baş qərargah rəisinin döyüşkən generallardan biri olmuş Kərim Vəliyevin təyin edilməsi də çox mühüm məsələdir. Müdafiə naziri Zakir Həsənovun Azərbaycan dövləti və dövlətçiliyi qarşısında öz xidmətləri olub”.

Millət vəkilinin sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, ordu döyüşkən olmalı və müdafiə naziri nazirliyin bütün istiqamətdə işini təşkil etməlidir.

“Yəni sıravi əsgərindən tutmuş, generalına qədər onların taleyi, onların hərtərəfli təmin edilməsi məsələsi də məhz rəhbərdən asılıdır. Paralel olaraq da qeyd etmək olar ki, təkliflər çox ola bilər. İstər Skandinaviya dövlətlərində, istər NATO-nun bir sıra dövlətlərində də, hətta qadınlar belə müdafiə naziri təyin olunur. Burada elə bir problem yoxdur. Hansısa vəzifə siyasi vəzifə ola bilər, hansısa vəzifə birbaşa icraçı vəzifə ola bilər. Əsas məsələ ordu döyüşkən olsun, qələbə əzmli olsun, xalq ona inansın ki, müstəqilliyini, suverenliyini qoruyan, eyni zamanda, istənilən təhdidin qarşını ala biləcək silahlı qüvvələri var”, - deyə Arzu Nağıyev vurğuladı.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən