"Bəxtiyar Ersay Azərbaycan ordusunun Baş Qərargah rəisi ola bilməz” - Ekspert

"Azərbaycan xalqının, ordusunun içində bu gün dünyanın ən yaxşı hərbi biliklərinə yiyələnmiş, vicdanlı, dəyərli, Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən minlərlə yüksək rütbəli zabit var. Bu zabitlər həm Vətən müharibəsinə qədər, həm Vətən müharibəsindən sonra da dövlətə və xalqımıza vicdanla xidmət edirlər".
Redaktor.az xəbər verir ki, bu fikiləri hərbi ekspert Ramil Məmmədli Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin mətbuata verdiyi müsahibəsində Azərbaycan ordusunun Baş Qərargah rəisinin general-polkovnik Bəxtiyar Ersayın təyin edilməsi təklifinə münasibət bildirərkən deyib.
O, qeyd etdi ki, Türkiyə Azərbaycanın strateji tərəfdaşı, hərbi müttəfiqidir:
"Türkiyə ordusunun hərbi bilik və bacarığından istifadə etmək olar. Bu, müttəfiq ölkələr arasında ənənə halını almış prosesdir. Dünyanın bütün müttəfiq ölkələri bir-birlərinin hərbiçiləri arasında təcrübə mübadiləsini həyata keçirirlər. Və hətta zaman-zaman bu və ya digər ölkələrin hərbiçiləri digər dost müttəfiq ölkənin ordusunda müəyyən proseslərin inkişaf etdirilməsində iştirak edir. Amma xarici ölkənin vətəndaşının gəlib Azərbaycan ordusunda bir nömrəli vəzifəni tutması kimi hal yarada bilməz. Türkiyə xarici ölkədir”.
Hərbi ekspertin fikrincə, belə təklifin irəli sürülməsi ümumiyyətlə, doğru deyil.
“Əgər söhbət ordunun rəhbər şəxsinin qeyri-ölkə vətəndaşının orduya rəhbər vəzifəyə təyin olunmasından gedirsə, əgər belə idisə, niyə Türkiyə Cümhuriyyəti hələ Atatürk dövründə o zaman sovet generalı olan Kliment Voroşilovu və yaxud Frunzeni Türkiyə ordusunun baş qərargah rəisi və yaxud yüksək rütbəli vəzifəsinə təyin etmədi? Və yaxud da alman zabitləri yüksək vəzifəyə təyin etmədi? Halbu ki, biz yaxşı bilirik ki, Atatürk hakimiyyətə gəldikdən sonra Türkiyə ordusunun yaradılmasının, formalaşdırılmasını həyata keçirən ölkə Sovet Rusiyası idi. Və Sovet Rusiyanın hərbi nümayəndəliyinin rəhbəri olan Voroşilov və Frunze idi. Onların adı İstanbulda əbədiləşdirilərək Atatürkün yanında heykəl qoyulub. Amma onlar bu cür vəzifələrə təyin edilməyiblər və yaxud da bu cür vəzifələrə təyin olunması kimi fikirlər Türkiyə cəmiyyətinin qaymağı olan şəxslər tərəfindən irəli sürülməyib. Bəxtiyar Ersay yaxşı, peşəkar hərbçi, vicdanlı şəxs ola bilər, amma o, Azərbaycan ordusunun Baş Qərargah rəisi ola bilməz”, - deyə R.Məmmədli bildirdi.
Həmidə İbrahimova