Müdafiə naziri şəxsi heyəti təbrik etdi

 21:44 30.12.2022     205

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbçi və mülki işçilərə təbrik ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər.

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasında böyük töhfələr verilib.

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsi zamanı Böyük Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti misilsiz qəhrəmanlıq, fədakarlıq nümunələri göstərərək 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, cəsarətli, qətiyyətli addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı artıracaqsınız.
Hərbi anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bötövlüyünün qorunması naminə canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları hər iki bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, Xalqa, Dövlətə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!"