"2023-cü ildə çox yaxşı xəbərlər eşidəcəyik" - Hərbi ekspert

 15:16 09.01.2023     1115

Türkiyə və Azərbaycan arasında döyüş təyyarələrinin birgə istehsalı ilə bağlı təklif gündəmə gətirilib.

Bu təklifi Türkiyə Müdafiə Sənayesi İdarəsinin başçısı İsmail Demir “Müdafiə sənayesi – 2023-cü ilin hədəfləri” adlı tədbirdə səsləndirib. O, Azərbaycanı bu məsələdə ortaq olmağa dəvət edib.

Həmçinin Pakistan, İndoneziya və Malayziya ilə də belə bir ortaqlığın bütün tərəflər üçün faydalı olacağı vurğulanıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, belə bir işbirliyinin olması olduqca yaxşı xəbərdir.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycanın təyyarə istehsal etmək imkanları yoxdur, amma yerli mütəxəssislərin, o cümlədən təyyarənin müəyyən detallarının Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi xətti ilə hazırlanması mümkün və realdır.

“Ona görə də, qardaş Türkiyə ilə bundan sonra - 2023-cü ildə biz hələ çox yaxşı və zəngin xəbərlər eşidəcəyik. Yəni bu xəbərlər ondan ibarətdir ki, hərbi, hərbi-texniki və hərbi-sənaye sahəsində bizim işlərimiz daha da dərinləşəcək, çoxalacaq. Yəni Azərbaycan mətbuatında biz tez-tez bu tip xəbərləri oxuyacağıq. O ki qaldı təyyarənin sonra bir neçə ölkəyə - Pakistan, İndoneziya və Malayziya təklif olunmasına, mənə elə gəlir ki, Azərbaycan birincilər sırasında olacaq. Çünki indiyə qədər Türkiyə Milli Müdafiə Nazirliyi və rəsmilərin səsləndirdikləri o fikir var ki, Türkiyənin nəyi varsa, Azərbaycanındır, Azərbaycanın da nəyi varsa, Türkiyənindir. Yəni bu iki ölkə bir qardaş, bir millət, iki dövlət prinsipindən çıxış edir. Ona görə, yeni buraxılacaq avadanlıq, təyyarədə geyim, avtomobillər, digər vacib hərbi təyinatlı məhsullar, onların hazırlanmasında və ərsəyə gəlməsində Azərbaycan mütəxəssisləri də türk qardaşları ilə bir yerdə yaxından iştirak edəcəklər”, - deyə ekspert vurğuladı.

Nərmin VÜQARQIZI