"İranın gücü var idisə, elə 2020-ci ildə Ermənistana kömək edərdi" - Polkovnikdən AÇIQLAMA

 16:46 09.02.2023     2719

Xəbər verdiyimiz kimi, haqqın.az saytına daxil olan məlumata görə, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. Onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Sayt yazır ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. "Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-nın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var.

Təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. "Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək" -  deyə məlumatda qeyd olunub.

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, bizim bəzi mətbuat orqanları sensasiya xatirinə belə qeyri-ciddi məlumatları paylaşırlar.

Onun sözlərinə görə, Qubadlıya, Laçına guya SEPAH-ın generalının rəhbərliyi altında hansısa əməliyyatın hazırlanması indiki həssas məqamda mümkün deyil:

"İkincisi də ki, guya ona əsaslandırırlar ki, Azərbaycanın başı qardaş Türkiyəyə qarışıb. Nolub? Azərbaycan ordusunu zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Qarabağdan Türkiyəyə köçürür? Ordu yerindədir. Silahlı qüvvələr yerindədir. Hər kəs öz işini görür. Ona görə də İran dünən də, bu gün də Ermənistana kömək edir, sabah da edəcək. Çünki bunlar bir-biri ilə müqavilə imzalayıb qardaş olduqlarını bəyan ediblər. Ona görə əgər bir ölkənin əməliyyatı ilə bağlı məlumat az qala nöqtəsinə vergülünə kimi sızırsa, vay o dövlətin halına. Yazırlar ki, SEPAH generalı əməliyyata rəhbərlik edəcək, ermənilərin azərbaycanca bilənlərinə Azərbaycan əsgərinin formasını geyindirəcəklər, video çəkəcəklər, dünyaya yayacaqlar... İranın gücü var idisə, elə 2020-ci ildə Ermənistana kömək edərdi".

Hərbi ekspert onu da qeyd etdi ki, o, bu məlumatı qeyri-ciddi hesab edir və bu, mümkünsüzdür.

"Təxribat həmişə olub. İran kömək edəndə də, etməyəndə də Ermənistan təxribatını edib. Biz digər vacib məsələlərə köklənməliyik. Guya SEPAH gəlib Qubadlıda, Laçında Azərbaycan ordusunun gözünün qarşısında hansısa hərəkətlər edəcək? Mən elə bir şeyə inanmıram və Azərbaycan Ordusu, Silahlı Qüvvələri tam hazır vəziyyətdədir. Yəni Ermənistan tərəfindən yol verilə biləcək istənilən təxribatın qarşısını Azərbaycan oğulları ən qısa müddətdə almaq gücündədir. Və çox arzulayıram ki, Ermənistan və İran tərəfi belə bir səhvi eləsinlər. Şəxsən mən çox arzulayıram, yəni Azərbaycan ordusu qısa bir müddətdə onlara başa salacaq ki, indi həssas məqamdır. Hamımızın o qəzəbi olan bir vaxtında onlar belə bir addım, belə bir cəhd etsələr, ən ağır şəkildə cəzalandırılacaqlar", - deyə Ü.Cəfərov vurğuladı.

Həmidə İbrahimova