DSX-dən rüşvətə görə həbs edilən sabiq müstəntiqlə bağlı AÇIQLAMA

 15:04 16.02.2023     457

“Nicat Acalov Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsinin müstəntiqi vəzifəsində çalışmır”.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a DSX-dən bildirilib.

Qeyd edilib ki, müstəntiq Nicat Acalov 2022-ci ilin noyabr ayında vəzifəsindən azad edilib.

Məlumata görə, N.Acalov haqqında ev dustaqlığı qərarı verilib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsinin sabiq müstəntiqi Nicat Acalov həbs edilib.

O, külli miqdarda rüşvət almaqda təqsirli bilinir.

İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.

Sözügedən məsələ araşdırılıb, müstəntiqə cinayət işi açılıb. Müstəntiq barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Yeri gəlmişkən, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

DSX-dən rüşvətə görə həbs edilən sabiq müstəntiqlə bağlı AÇIQLAMA