Qarabağa silah-sursat daşınmasının arxasında Rusiya dayanır - Hərbi ekspert

 11:39 07.03.2023     910

"Ermənistanın məqsədi ona verilən sifarişi yerinə yetirmək idi. Ermənistan sifarişi yerinə yetirir. Ermənistan iki il beş aydır, ustalıqla sülh müqaviləsinin imzalanmasından yayınır. Ermənistanın həm baş naziri, həm xarici işlər naziri, həm parlament spikeri yalnız quru-quru, boş-boş bəyanatlar və reallıqdan uzaq olan fikirlər səsləndirirlər.  Ümumiyyətlə Ermənistanın siyasi rəhbərliyi qeyri-ciddi işlərlə məşğuldur. Bu günləri Azərbaycan mediasında ictimailəşdirilən həmin silah-sursatın daşınması, hərbi texnikanın Azərbaycan ərazilərində Rusiya sülhməramlılarının xeyir duası ilə hərəkət etməsi onu deməyə əsas verir ki, onlar Azərbaycan əraziləri ilə bağlı hələ qarşıda çox böyük çirkin məqsədlər güdürlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması ilə bağlı yaranmış vəziyyət barədə danışarkən bildirdi.

O, düşmənin Qarabağ bölgəsində atəşkəsi pozmasına toxunaraq qeyd etdi ki, ermənilər sülh istəmirlər:

"Onlar Azərbaycanın müqəddəs şəhəri saydığımız Şuşa şəhərini minaatanlarla atəşə tutublar. Minaatan bildiyimiz kimi çox ağır silahdır. Çox böyük dağıntılara, insan faciəsinə səbəb olan silahdır. Əgər ondan istifadə edirlərsə, bu o deməkdir ki, onların heç biri mehriban qonşuluq şəraitində yaşamaq fikri yoxdur. Onların zərrə qədər də olsa, sülhlə bağlı düşüncələri yoxdur. Bunu da ona sifariş edən konkret dövlətlər var. Başda Rusiya Federasiyası dayanır. Çünki Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə və 10 noyabrı 2020-ci il tarixli üçtərəfli bəyanatın dördüncü bəndi icra olunmursa, bu o deməkdir ki, onlar bilərəkdən bunu edirlər ki, tərəflər arasında gərginlik yaşasın, zaman-zaman həmin o silahlar vasitəsilə bölgədə təxribatlar həyata keçirsin. Bilirsiniz ki, Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaar dünən Bakıda idi, Prezident İlham Əliyevlə görüşdü. Yəni o, İrəvandan sonra Bakıya gəlib. Belə bir vaxtda, yəni Brüssel görüşü öncəsində, İlham Əliyevlə Paşinyanın yaxın günlərdə görüşməsi ilə bağlı detalların razılaşdırıldığı məqamlarda, Rusiya bu görüşü pozmaq üçün - necə ki, 2022-ci il dekabrın 7-də Brüsseldə baş tutmalı olan görüşü pozdu - yenə də belə bir təxribata yol verdi. Bu faciələrin memarı da, icraedicisi də Rusiya Federasiyasının hazırkı rəhbərliyidir ki, hansı ki, onlar Ermənistan və separatçılar vasitəsilə, arutyunyanlar, vardanyanlar və digər separatçılar vasitəsilə həyata keçirməkdə davam edir. Bu, nə qədər davam edəcək, bunun artıq cavabı mənə yox, sizə yox, ölkənin siyasi rəhbərliyinə aiddir".

Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Qarabağdakı separatçılara şans verməməlidir:

"Onlar silah-sursatlarının sayını artırırlar, onlar separatçıların sayını artırırlar və bu da bizim üçün yaxın perspektivdə heç də xoş olmayan növbəti itkilərin, növbəti problemlərin yaşanması deməkdir".

Arzu İSMAYIL