"Azərbaycan yaxın vaxtlarda hərbi müstəvidə müəyyən addımlar atacaq" - Hərbi ekspert

 15:59 14.03.2023     469

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Qarabağa silah-sursat daşıyırlar. Bütün bunlar Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Eyni zamanda artıq bir müddətdir ki, həm sərhəd bölgəmiz, həm də Qarabağdakı mövqelərimiz davamlı şəkildə ermənilər tərəfindən atəşə tutulur.

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirdi ki, 2020-ci il 10 noyabr bəyanatından sonra bir sıra məsələlər ortaya çıxıb.

Onun sözlərinə görə, birinci məsələ təbii ki, Ermənistanın təslimçilik müqaviləsinə imza atması ilə bağlı idi:

"Ermənistan tərəfi təslimçi statusunda müqavilə imzalayıb, lakin sonradan Ermənistan sülh müqaviləsini bu formatda imzalamaqdan imtina etdi. Sərhədlərin müəyyənləşməsi, Qarabağdakı ermənilərin hüquqları, Laçın yolunun açılması kontekstində məsələlərə yanaşılmağa başladı. Azərbaycan beş bənddən ibarət olan təklifini irəli sürdü və Ermənistan tərəfi bu təklifi qismən normal dəyərləndirdi və proses yaxşı formada davam etdi. Lakin buna baxmayaraq paralel olaraq Qarabağda vəziyyət gərgin olaraq qalmaqda davam edirdi. Elə məhz müharibədən bir neçə gün sonra Hadrut istiqamətində Azərbaycan ordusu anti-terror əməliyyatına başladı və ümumiyyətlə, iki ildən artıq bir dövr ərzində Azərbaycan ordusu həm Qarabağda, həm də Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində çox ciddi strateji mövqeləri nəzarətə götürə biləcək formada olan hərbi əməliyyatlar, yəni anti-terror əməliyyatları həyata keçirib. Bu gün isə Ermənistan çox təəssüf ki, Rusiyanın müəyyən dairələrinin dəstəyi ilə - söhbət hərbi strukturlardan gedir - və Rusiyanın dövlət sisteminin məsələyə münasibətinin əleyhinə olmamaq formasında Qarabağdakı ermənilərin silahlandırılması, təminatı prosesi həyata keçirilir".

Ekspertin sözlərinə görə, ermənilər Qarabağdakı vəziyyəti dəyişməyə çalışırlar və düşünürlər ki, mövcud vəziyyət ermənilərin xeyrinə dəyişə bilər.

"Bu səbəbdən ərazidə öz mövqelərini gücləndirməyə çalışırlar. Əsas məqsəd budur. Yəni əsas məqsəd mövqeyi gücləndirməkdir. Amma mən sizə deyim, vəziyyət başqa bir müstəvidə davam edəcək. Yəni Azərbaycan birmənalı olaraq münaqişənin həllində fundamental dəyişikliyə nail olacaq və yaxın vaxtlarda hesab edirəm ki, Ermənistanın yenidən masaya oturması üçün hərbi, ritorik müstəvidə müəyyən addımlar atılacaq. Ermənistan bu gün həm Qərblə, həm də Rusiya ilə oynayaraq, hərəsinə bir qədər yarınaraq sülh müqaviləsi ilə bağlı masada aparılan danışıqlarda mövqeyini möhkəmləndirməyə çalışır", - deyə R.Məmmədli qeyd etdi.

Həmidə İbrahimli