"Onlar rüşvətxorluğun qalmasında maraqlıdırlar" - Hərbi ekspert

 16:44 15.03.2023     740

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.

Qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, bu çox xoşagəlməz haldır və kimliyindən asılı olmayaraq, qanun pozuntusuna yol vermiş adam mütləq mənada cəzalandırılmalıdır.

“Bu, çağırış məsələsidir, səfərbərlik məsələsidir, bunlar ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı olan məsələdir. Bu, sırf müdafiə və təhlükəsizliklə bağlı olan məsələlərdirsə, ona görə də mən hesab edirəm ki, bundan sonra da mübarizə aparmaq lazımdır. Bu, təkcə o qurumda deyil. Yəni ayrı-ayrı güc strukturlarında neqativ hallar var və o neqativ hallar da ümumi əhval-ruhiyyəyə çox mənfi təsir göstərir. Bütün bunların qarşısı alınmalıdır. Yəni bu istiqamətdə cəmiyyət və hüquq mühafizə orqanları əllərindən gələni eləməlidirlər ki, bu tip neqativ hallar ümumiyyətlə yığışdırılsın. Mən də qınayıram və ümumiyyətlə demək istəyirəm ki, qanun ən sərt formada bu cür rüşvətxor və korrupsiya əməllərinə yol verənlərə qarşı öz sərt sözünü göstərməlidir. İllərlə deyilir ki, belə hallara yol vermək olmaz. Amma təəssüflər olsun ki, hələ də belə faktlar, hallar gözümüzə dəyir ki, onlar rüşvətxorluq və korrupsiyanın qalmasında maraqlıdırlar, genişlənməsində əllərindən gələni edirlər. Biz də buna qarşı cəmiyyət olaraq, mətbuat olaraq bir yerdə əl-ələ verib mübarizə aparmalıyıq", - deyə polkovnik bildirdi.

Arzu İSMAYIL