"Vəziyyət hər an gərginləşə bilər" - Polkovnikdən AÇIQLAMA

 18:21 27.03.2023     644

Xəbər verdiyimiz kimi, Ermənistandan Rusiya "sülhməramlı" kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşdiyi üçün ordumuz hərəkətə keçərək Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunu nəzarətə götürüb. Ordumuzun bu qanuni addımı isə sülhməramlılıqdan uzaq olan Rusiya hərbi kontingentini və Qarabağdakı separatçıları məyus edib. Bu məyusluğu onların yaydığı açıqlamalardan aydın görmək mümkündür. 

Son günlər "sülhməramlılar"ın müşayiəti ilə torpaq yollarla Ermənistandan Xankəndiyə silah-sursat, canlı qüvvə daşınması Azərbaycanda ciddi müzakirəyə səbəb olub. Hətta bu təxribatların yeni müharibəyə səbəb olacağı barədə fikirlər səsləndirilir.

Bəs, həqiqətən də yenidən müharibə ola bilərmi?

Məsələ ilə bağı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, biz hələ də müharibə şəraitindəyik.

Onun sözlərinə görə, bizim İkinci Qarabağ savaşı deyilən Vətən müharibəsini keçirtdiyimiz dövlətlə hələ də sülh müqaviləmiz yoxdur:

"Hələ də sərhədlər müəyyənləşdirilməyib. Onlardan üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməyini gözləyirik və təbii ki, orada sülh müqaviləsi, sərhədlərin delimitasiya, demarkasiya məsələsi var. Hal-hazırda heç nə həll olunmur. Üçtərəfli bəyanatda olan bəndlər yerinə yetirilməyib. Heç kim də demir nə vaxt yerinə yetiriləcək. Nə Azərbaycan ərazisindən qanunsuz erməni silahlıları çıxarılıb, nə də Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi yerdə əhalinin inteqrasiya məsələsi ilə bağlı heç ilk addımlarını da atmamışıq. Əgər üçtərəfli bəyanatın bəndləri yerinə yetirilmirsə və artıq iki ildən yuxarı gedən bir zamanda əgər heç bir nəticə yoxdursa, bu, prinsipcə yenidən hansısa vəziyyətin gərginləşdirməyinə göstərən işarədir. Əgər bir tərəf imtina edirsə, öhdəçiliyə götürdüyü bəndləri yerinə yetirmirsə, digər tərəf, yəni Rusiya vasitəçilik missiyasında çox passivdirsə, o da öhdəçilikləri yerinə yetirmirsə, orada silahlı erməni separatçıları və yaxud Ermənistana aid olan qüvvələr və s. indiyə kimi qalırsa, deməli, onlar bir məqsəd üçün qalıb və bu açıq-aydındır. Hər an orada təxribat ola bilər. Hər an orada Azərbaycanın o əraziyə, yəni Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi əraziyə yaxın olan yaşayış məntəqələri və dinc əhaliyə oradan təhlükə ola bilər".

Polkovnik qeyd etdi ki, Azərbaycanın ekofəalları 100 gündən çoxdur Xankəndi-Laçın yolunda aksiya keçirirlər ki, Qarabağda terrorçuluğa son qoyulsun.

"Əgər orada sülhməramlı qüvvələrin birinci şəxsi çıxıb ekofəallarla görüşməyi özünə lazım bilmirsə, bunlar hamısı onu göstərir ki, proseslər heç də Azərbaycan maraqlarına uyğun inkişaf etməyəcək. Və əgər Azərbaycan öz maraqlarını təmin etmək istəyirsə, onda hansısa addımlar atmalı olacaq. Bu addımlar həm siyasi addımlardır, hansı ki, indi bu saat Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən siyasi yolların axtarılmasında çox böyük işlər görülür. Ancaq düşünürəm bütün proseslər də bunu göstərir ki, necə ki, biz 30 il gözləyirdik siyasi yolla məsələləri həll edək, BMT-nin o üç bəndi yerinə yetirilsin, gördük ki, olmadı və biz artıq bu məsələlərin həllini öz gücümüzlə təmin etdik, indi də Azərbaycan öz maraqlarını öz gücünə təmin edəcək. İndi burada da ən belə vacib bəndlərdən biri, bizə ən təhlükə yarada biləcək bəndlərdən biri, əlbəttə, qanunsuz erməni silahlılarının Azərbaycan ərazisindən ya tərksilah etmək, ya çıxartmaqdır. Çünki bu bəndi biz hələ yerinə yetirməsək, əlbəttə, digər məsələlər haqqında ümumiyyətlə, danışmaq yersizdir.  Azərbaycan öz öhdəsinə düşən bəndlərlə bağlı hər şeyi yerinə yetirməyə hazırdır. Bu üç tərəfdən iki tərəf - həm Ermənistan, həm Rusiya öhdəsinə düşəni yerinə yetirmir. Ona görə də, əlbəttə, belə olduğu halda, ola bilsin ki, burada münaqişənin alovlanması üçün müəyyən hazırlıqlar gedə bilər. Son zamanlar sülhməramlıların müşayiəti ilə kolonların keçməsi haqqında, torpaq yoldan istifadəsi haqqında və sair məsələlər elə belə deyilmir ki, bunlar faktlardır, müşahidə olunan siqnallardır. Hətta bilirsiniz ki, qanunsuz silahın daşınmasının qarşısını alarkən iki nəfər şəhid də vermişik. Yəni bunlar hamısı onu göstərir ki, Azərbaycan daxilində hələ də Laçın dəhlizindən Rusiyanın sülhməramlı qüvvələri Azərbaycana demək olar ki, o bəyannaməyə zidd olan hərəkətlər, addımlar atırlar. Bu da gələcəkdə hardasa nəyinsə alovlanmasına işarədir. Ola bilsin ki, orada olan qanunsuz silahlılar hansısa addım ata bilərlər və biz də sonra cavab verməli olacağıq. Ona görə də mən düşünürəm ki, zaman keçdikcə vəziyyətin heç də sülhə doğru, heç də sakitliyə doğru inkişaf etmədiyini görürük. Bu gün siyasi arenada, geosiyasi səviyyədə gedən proseslər onu göstərir ki, bu region Azərbaycan, Rusiya, Ermənistan arasında nəzərdə tutmuşduqsa, burada yeni oyunçular peyda olunur. Avropa Fransanın rəhbərliyi altında bura missiya göndərir. İran bir tərəfdən burada açıq-aydın Ermənistana dəstək olaraq Azərbaycana düşmənçilik mövqeyindədir" - deyə Ramaldanov bildirdi.

Hərbi ekspertin fikrincə, vəziyyət o qədər də ürək açan deyil. Onun sözlərinə görə, Azərbaycan Prezidenti vəziyyəti tam şəkildə təhlil edərək öz addımlarını siyasi arenada atır:

"Baxmayaraq ki, cəmiyyətdə Qarabağda anti-terror əməliyyatının aparılması ilə bağlı müəyyən çağırışlar da var, amma hələ məqam yoxdur. Mən deyərdim ki,  Azərbaycanı hansısa belə bir addım atmağa istiqamətləndirən qüvvələr də var. Hətta Rusiyanın özü də bunu istəyir. Biz bilirik ki, Gürcüstanda Rusiya sülhməramlı qüvvələri yerləşdirdi, sonra müəyyən bir vəziyyət gərginləşdirdi və sonra da orada hansısa qondarma bir referendum keçirərək o torpaqları özününküləşdirdi. Yəni bu, həm orada oldu, həm Ukraynada oldu. Cənab Prezidentin siyasətdə müdrik bir siyasətçi kimi atdığı addımlar məhz buna yönəlib ki, Azərbaycan gərək hər hansı bir addımı atırsa, bütün riskləri nəzərə alaraq atmalıdır. Bu gün Türkiyənin də vəziyyətini biz bilirik və bundan da sui-istifadə etmək istəyən müəyyən qüvvələr var. Ona görə də vəziyyət hər an gərginləşə bilər. Ancaq mən bununla qorxutmaq istəmirəm. Azərbaycan Ordusu bütün prosesləri təhlil edir və nəzarətdə saxlayır. İstər sərhəddə, istər daxildə, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə bütün hədəflər, qanunsuz silahlıların mövqeləri və s. bunlar hamısı nəzarət altındadır. Lazım olarsa və yaxud əmr olarsa, hədəfə çevrilərək qısa bir zamanda məhv edib tapşırığı yerinə yetirə bilmək durumundayıq".

Sonda Şar Ramaldanov onu da bildirdi ki, müharibə hələ bitməyib, sadəcə atəşkəsdir:

"Biz demirik ki, müharibə bitib, hətta rəsmi sənədlərdə də hər yerdə atəşkəs kimi gedir. Müvəqqəti atəşkəs rejimindəyik. Necə ki, 30 il atəşkəs rejimində idik, indi də atəşkəs rejimindəyik. Sadəcə, o atəşkəs rejimi ilə bu atəşkəs rejimi arasında fərq ondan ibarətdir ki, indi biz ərazi bütövlüyümüzü bərpa edəndən sonra atəşkəs rejimindəydik. Əvvəl isə torpaqlarımız işğal altında idi və atəşkəs elan olunmuşdu. Atəşkəs də biz bilirik ki, mütəmadi olaraq pozulur. Hər halda Azərbaycan Prezidenti yenə də öz mesajını verdi. Dedi ki, istər Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfindən, istər onların havadarları tərəfindən əgər Azərbaycana hər hansı bir təhlükə yaranarsa, Azərbaycan dərhal adekvat cavab verəcək və özünü qorumaq üçün bütün addımlardan istifadə edəcək. Mənə elə gəlir ki, bu mesajda bütün cavablar tapılır və Azərbaycan öz maraqlarında öhdəsinə düşən bütün tapşırıqları yerinə yetirir və bütün prosesləri nəzarətdə saxlayır. Ona görə də bu o demək deyil ki, müharibə olmayacaq, döyüşlər olmayacaq. Onlar hər an ola bilər. Bu gün Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı məhz ordu quruculuğu ilə çox ciddi məşğuldur və ordumuz gündən-günə güclənir. Ordu rəhbərliyi daim hərbi hissələrdə və işğaldan azad olunmuş ərazilərdə ordunun döyüş hazırlığının yüksəlməsi ilə məşğuldur. Azərbaycan öz ordusunu məhz belə şeylərdən sığortalamaq üçün və əgər sabah lazım olsa, Azərbaycan ordusu yenə də öz sözünü deyə bilsin deyə bütün hazırlıqlar aparılır və bundan sonra da aparılacaq".

Həmidə İbrahimli