Almaniya verdiyi sözü tutdu - "Leopard"lar artıq Ukraynadadır!

 18:46 27.03.2023     491

Almaniya hökumətinin söz verdiyi 18 ədəd "Leopard 2" tankı Ukraynaya çatdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi “Der Spiegel” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Almaniya hakimiyyətinin Ukraynaya 18 "Leopard 2" tankı tədarükü barədə qərarından təxminən iki ay sonra texnika Kiyevə təhvil verilib. “Der Spiegel”in məlumatına görə, sonuncu tanklar Almaniyanı keçən həftənin sonunda tərk edib və hazırda Ukrayna sərhədinə təhvil verilib. Döyüş bölgəsinə 40-a yaxın "Marder" piyada döyüş maşını da gəlib. Bununla belə, Almaniya hökuməti, nəşrin qeyd etdiyi kimi, təhlükəsizlik baxımından silah təchizatının dəqiq marşrutunu gizli saxlayır.

Qeyd edək ki, son iki ay ərzində Bundesver (Almaniya Silahlı Qüvvələri) ukraynalı əsgərlərə texnikanın idarə edilməsi üzrə təlimlər keçir. Aşağı Saksoniyadakı Münsterdəki hərbi poliqonda Ukrayna hərbçiləri "Leopard"dan canlı atəş etməyi də məşq edə biliblər.

Yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 "Leopard 2" tankı göndərəcəyini və digər ölkələrə bu tankların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Fevralın 24-də Almaniya Kiyevə Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından daha dörd texnika tədarük etmək qərarına gəlib. Fevralın 7-də Almaniya Nazirlər Kabineti Kiyevə 178 "Leopard 1A5" tankının çatdırılmasını təsdiqləyib. Hərbi texnika sənaye ehtiyatlarından köçürüləcək.

"Leopard 2" qlobal silah bazarında ən qabaqcıl döyüş tanklarından biri hesab olunur. Bununla belə, bir problem sistemin mürəkkəbliyi ola bilər ki, onu qorumaq çox tələb olunur. Buna görə də Almaniya Ukrayna ilə qonşu olan ölkədə təmir üçün servis mərkəzi açmağı planlaşdırır.

Turan İSMAYIL