"Proses Azərbaycanın Laçın dəhlizinə tam nəzarət etməsi ilə davam edəcək" - Hərbi ekspert

 16:02 31.03.2023     1626

Xəbər verdiyimiz kimi, Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr ordumuz tərəfindən nəzarətə götürülüb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirdi ki, ümumiyyətlə, son iki ildə Azərbaycan tərəfi Laçın yolu vasitəsilə Qarabağdakı erməni silahlı separatçı birləşmələrinə və həmçinin Ermənistan ordusunun Müdafiə Nazirliyinin oradakı hərbi birləşmələrinə, hərbi təyinatlı vasitələrin, yəni  silah və sursatın daşındığına dair etirazlar bildirildi.

"Son olaraq Sarıbaba yüksəkliyində buna bənzər bir hadisə baş verdi. Ermənistan bütün bu hadisələrin heç birinə, iradlara, təkliflərə  məhəl qoymurdu və birmənalı olaraq qulaqardına vururdu. Beynəlxalq təşkilatlar da bu prosesdə Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirmirdilər. Nəticədə Azərbaycan sərt qərar vermək məcburiyyətində qaldı və Xankəndi-Şuşa istiqamətində torpaq, alternativ yollara nəzarəti artırdı. Martın 5-də məlum hadisə baş verdi. Bu gün də Laçın yolunun keçdiyi ərazidə yolətrafı strateji məntəqələr, taktiki məntəqələrin nəzarətə götürüldüyü bildirilir. Düşünürəm ki, bu məsələdə əsas istiqamət, uğur Azərbaycanın Ermənistanla həmsərhəd olan bölgəsində artıq sərhəd keçid məntəqəsinə doğru yönələn prosesin başlanmasıdır. Biz Qarabağdakı ermənilərin həmin yoldan humanitar məqsədi ilə istifadə etməsinin əleyhinə deyilik",- deyə qeyd edən ekspert bildirdi ki, Azərbaycan hökuməti də bununla bağlı öz fikrini bildirib:

"Çox təəssüf ki, burada Ermənistan vəziyyətdən sui istifadə edib yenidən regionda konflikt yaradacaq prosesə başladı və silahlanma işlərini həyata keçirdi. Bundan sonra nə baş verəcək? Bundan sonra təbii ki, Ermənistan və Qarabağdakı ermənilər həyasızlıq edəcəklər. Bu baş verən hadisəni blokada kimi dəyərləndirəcəklər. Blokada olduğunu söyləyəcəklər və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürəcəklər. Lakin burada bizim, yəni Azərbaycanın edəcəyi yeganə yol siyasi iradə nümayiş etdirib vəziyyəti öz nəzarətində saxlamaqdır və əminəm ki, belə də olacaq. Proses getdikcə Azərbaycanın orada yola nəzarət etməsi ilə davam edəcək və düşünürəm ki, ermənilər artıq bu məsələdə öz çirkin mövqelərindən çəkinmək məcburiyyətində qalacaq".

Həmidə İbrahimli