"Belə davam etsə, İranın özü üçün xoşa gəlməyən hadisələr baş verəcək" - Hərbi ekspert

 14:37 03.04.2023     570

Xəbər veriyimiz kimi, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirib. K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda güya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib.

Göründüyü kimi, İran Azərbaycanın 44 günlük müharibədəki qələbəsini hələ də həzm edə bilmir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, son günlərdə İranın bu isterikası başa düşülməz dərəcə artıb:

“Artıq nə istədiklərini özləri də bilmirlər. Absurd, bir-birinə zidd bəyanatlar səsləndirirlər. İran dövlətinin quru qoşunlarının komandanının bu cür absurd bir fikir səsləndirməsi, yəni  guya İŞİD ilə bağlı və yaxud da Azərbaycan tərəfdən "sionist" qüvvələrin olması ilə bağlı açıqlamalar, bu, İran üçün utanverici olmalıdır. Onlar bu yalanları durmadan tirajlayırlar. Əllərində bir dənə də, heç yarım dənə də olsun belə faktları olmadığı halda onlar bu fikirləri tirajlayırlar.”

Ekspertin fikrincə, bu cür açıqlamalarda İranın məqsədi Azərbaycana psixoloji təzyiq göstərməkdir.

“Məqsəd Azərbaycanı nədəsə hədələməkdi. Amma bunların heç birinin mənası yoxdur. Çünki İran özü də başa düşür ki, bu günləri özü yaratdığı problemləri həll edə bilmir, İranın daxilində çox gərgin bir atmosfer hökm sürür. İnsanlar İran rejiminə küçələrə çıxmaqla narazılıqlarını bildirirlər. Və bütün bunlardan diqqəti yayındırmaq üçün İran bu cür uğursuz bəyanatlar səsləndirir. Mən hesab edirəm ki, bunun heç bir əsası yoxdur. Çünki İranın əlində bir dənə fakt olsaydı, yəqin ki, o faktı onlar bütün dünyaya göstərmiş olardılar. O fakt indiyə qədər də olmayıb, indi də yoxdur, düşünmürəm ki, bundan sonra da olsun. Hər-halda İran bir az ciddi olmalıdır. Yəni bu cür bəyanatları ilə, fikirləri ilə özlərini gülünc vəziyyətə qoyurlar. Mən açığını deyirəm ki, İran belə davam edəcəksə, özü üçün heç də xoşa gəlməyən hadisələr baş verəcək”- deyə Üzeyir Cəfərov fikrini tamamladı.

Arzu İSMAYIL